"Beynəlxalq Cinayət Məhkəməsi (MCM) Ben-Qvir, Smotriç və yüksək rütbəli hərbçilərə qarşı prosedura başlayıb..."
Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) İsrailin bir sıra yüksək vəzifəli rəsmilərinə həbs orderlərinin verilməsi üçün prosedura başlamaq barədə prinsipial qərar qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
Haaqa Məhkəməsində yeni order təşəbbüsü
Nəşr yazır ki, onların arasında nazirlər və İsrail ordusunun yüksək rütbəli zabitləri var. Siyahıda ümumilikdə beş nəfərin olduğu bildirilir. Bununla yanaşı, məhkəmə yayılan "orderlərin artıq verildiyi" barədə məlumatları təkzib edərək onları "dəqiq olmayan xəbərlər" kimi qiymətləndirib.
Hazırda prokurorluq proseduru davam etdirir və müraciətin hazırlanması mərhələsi gedir. İsrail Xarici İşlər Nazirliyi isə vəziyyət barədə Milli Təhlükəsizlik naziri İtamər Ben-Qviri məlumatlandırıb.
Gizli order ehtimalı və mümkün fiqurlar
Məlumata görə, bu dəfə əvvəlki işlərdən fərqli olaraq orderlərin gizli şəkildə verilməsi ehtimalı var. Belə olan halda, şəxslər barələrində qərar çıxarıldığını əvvəlcədən bilməyə bilər və bu da onların mümkün həbsdən yayınmasını çətinləşdirə bilər.
Siyahıda adı çəkilənlər arasında müdafiə naziri İsrael Kats, keçmiş Baş Qərargah rəisi Herzi Halevi və hazırkı Baş Qərargah rəisi Eyal Zamir də yer alır. Əvvəlki prokuror Kərim Xan isə daha öncə İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçə qarşı da oxşar təşəbbüslə çıxış edib.
Araşdırmalar və əvvəlki orderlər
Haaqa Məhkəməsi son aylarda İsrail yaşayış məntəqələrinin maliyyələşdirilməsi və silahlandırılması ilə bağlı geniş araşdırma aparır. Hazırda bu iş üzrə Abdullahi Sahi Msanqi fəaliyyət göstərir.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Məhkəmə Benyamin Netanyahu və Yoav Qalanta qarşı Qəzzadakı əməliyyatlarla bağlı hərbi cinayətlər ittihamı üzrə həbs orderləri vermişdi. 2025-ci ilin dekabrında İsrailin apellyasiyası rədd edilib və həmin qərarlar qüvvədə saxlanılıb.