Bizi sosial şəbəkələrdən izləyin:
Hantavirusa yoluxma ilə bağlı daha iki ehtimal olunan hal qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ehtimal olunan yoluxma halları İspaniyada və Atlantik okeanının cənub hissəsində yerləşən Tristan-da-Kunya arxipelaqında aşkarlanıb.
Birinci halda söhbət İspaniyanın Alikante vilayətində hantavirusa uyğun simptomlar göstərən 32 yaşlı qadından gedir. Rəsmi məlumata görə, həmin qadın aprelin 25-də infeksiyadan ölən niderlandlı "MV Hondius" sərnişini ilə eyni təyyarədə uçub.
İkinci ehtimal olunan yoluxma halı isə Böyük Britaniyanın Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları adlı dənizaşırı ərazisinə daxil olan arxipelaqda britaniyalı şəxsdə qeydə alınıb.
"Reuters" yazır ki, həmin şəxs böyük ehtimalla aprelin 13-15-də laynerin adalarda dayanması zamanı gəmidən enib.
Bundan əvvəl Niderland Xarici İşlər Nazirliyi bildirmişdi ki, niderlandlı turistin ölümündən sonra Böyük Britaniya, Niderland, ABŞ, Almaniya, Kanada, Çili, Türkiyə və daha beş ölkədən olan təxminən 40 nəfər Müqəddəs Yelena adasında "MV Hondius" laynerini tərk edib.
Məlumata görə, gəmidə ümumilikdə səkkiz nəfərdə hantavirus aşkarlanıb.
Niderlanddan olan ailə cütlüyü də daxil olmaqla üç sərnişin həyatını itirib, yoluxmuş şəxslərdən biri isə Yohannesburq xəstəxanasında kritik vəziyyətdədir.
Gəminin mayın 10-da epidemioloji yoxlama və dezinfeksiya işləri üçün Kanar adalarına çatacağı gözlənilir.