Pakistan gələn həftə ABŞ və İran arasında danışıqların ikinci raunduna ev sahibliyi etməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pakistan hökumətindəki mənbələrinə istinadən özünün "X" (keçmiş "Twitter") hesabında məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, İslamabad tərəflərin ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən əvvəl ilkin razılaşma əldə edəcəyinə ümid edir. CNN-in məlumatına əsasən, Trampın Pekinə səfəri mayın 14-15-nə təyin edilib.
Qeyd olunur ki, ABŞ və İran qısa anlaşma memorandumu imzalamağa yaxındırlar. Bu sənəd Yaxın Şərqdəki münaqişənin dayandırılmasını rəsmiləşdirməli və nüvə proqramı üzrə gələcək müzakirələrin çərçivəsini müəyyən etməlidir. Mənbələrin bildirdiyinə görə, Ağ Ev qarşıdakı 48 saat ərzində əsas müddəalarla bağlı İranın cavabını gözləyir. Hələlik yekun sənəd imzalanmasa da, tərəflərin razılığa əvvəlki mərhələlərlə müqayisədə daha çox yaxınlaşdıqları vurğulanır.