Fransanın cənub-qərbində, Tuluza şəhəri yaxınlığında yerləşən "Safran Blagnac" zavodunda baş verən partlayış nəticəsində iki işçi ağır xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə "La Depeche" nəşri məlumat yayıb. Bildirilib ki, hadisə səbəbindən müəssisədə istehsal prosesi dayandırılıb.
Yerli vaxtla təxminən saat 10:30-da (Bakı vaxtı ilə 12:30) sıxılmış hava ilə işləyən avadanlıqların yoxlanıldığı sınaq sexində partlayış qeydə alınıb. Nəşrin sorğu etdiyi əməkdaşlardan birinin sözlərinə görə, partlayış dalğasının güclü zərbəsinə məruz qalan iki nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerindən nisbətən uzaqda olan daha iki işçi isə yüngül xəsarət alıb. Bütün zavod ərazisində tam təxliyə həyata keçirilib. Hazırda müstəntiqlər tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Məlumata əsasən, sözügedən zavod müdafiə və aviasiya sektorlarındakı müştərilər üçün kompressorlar, klapanlar və elektrik ventilyatorlarının hazırlanması, istehsalı və onlara texniki xidmətin göstərilməsi ilə məşğul olur.