Bizi sosial şəbəkələrdən izləyin:
Mayın 4-də Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində ən azı iki nəfər xəsarət alıb.
Moderator.az bildirir ki, bu barədə ABŞ-nin Məxfi Xidmətinin rəis müavini Metyu Kuinn məlumat verib.
Onun sözlərinə görə, təmsil olunduğu qurumun əməkdaşları Ağ Evin yaxınlığında odlu silah aşkar ediblər.
"Əlaqə qurmağa cəhd edərkən naməlum şəxs qaçmağa çalışıb və hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıb. Asayiş keşikçiləri cavab atəşi açıblar və həmin şəxs yaralanıb, hazırda xəstəxanadadır", - deyə rəis müavini bildirib.
Kuinn atəş açanın vəziyyəti barədə məlumat verməkdən imtina edib. O bildirib ki, atışma nəticəsində yaxınlıqda olan yetkinlik yaşına çatmayan bir şəxs xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur, xəstəxanada müayinə olunur.
Məxfi xidmətinin rəsmisi qeyd edib ki, hadisədən bir qədər əvvəl həmin ərazidən ABŞ-nin vitse-prezidenti Cey Di Vensın korteji keçib.