Qazaxıstanda süni intellekt layihələrinin maliyyələşdirilməsi məqsədilə yaradılmış “Fondlar Fondu”na 95 milyon dollar vəsait cəlb edilib. Toplanan kapitalın 60 faizdən çoxunun yerli işgüzar dairələr tərəfindən təmin olunduğu bildirilir.
Moderator.az xəbər verir ki, bu barədə GITEX AI Kazakhstan 2026 beynəlxalq texnologiya forumu çərçivəsində məlumat verilib. Qeyd olunub ki, fond Alem Capital Management platforması tərəfindən idarə olunur.
Qazaxıstanın baş nazirinin müavini, eyni zamanda süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib ki, “Fondlar Fondu” ölkənin rəqəmsal iqtisadiyyatının sürətləndirilməsi məqsədilə 2024-cü ilin sonlarında təsis edilib.
Məlumata görə, fondun ortamüddətli hədəfi kapitalını 1 milyard dollara çatdırmaqdır. Bu isə yerli sahibkarların Andreessen Horowitz və Lightspeed kimi aparıcı qlobal vençur fondlarının təcrübəsindən birbaşa yararlanmasına imkan verəcək.
Hazırda region üzrə vençur kapitalı əməliyyatlarının 60 faizdən çoxunun Qazaxıstanın payına düşdüyü də vurğulanıb. Bu təşəbbüsün ölkənin startap ekosisteminin daha da inkişafına təkan verəcəyi gözlənilir.