Bizi sosial şəbəkələrdən izləyin:
İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şahram İrani rəsmi Tehranın Hörmüz boğazını Ərəb dənizi tərəfdən bağladıqları barədə açıqlama verib.
Moderator.az xəbər verir ki, müvafiq məlumat İran mediası tərəfindən yayılıb.
Ərəb dənizi üzərindən tətbiq edilən blokada haqqında danışan komandan bildirib ki, qarşı tərəfin daha yaxın məsafəyə irəliləməsi halında operativ olaraq hərbi tədbirlər görüləcək.
Çərşənbə günü mediaya danışan hərbi rəsmi ölkəsinin həyata keçirdiyi cavab tədbirlərini xüsusi qeyd edib. Bildirilib ki, bu qərarların tərkib hissəsi kimi strateji Hörmüz boğazı düşmən və onlarla müttəfiq dövlətlərin dəniz nəqliyyatı üçün qapadılıb:
"ABŞ tərəfindən İran limanları və gəmilərinə qarşı tətbiq olunan qanunsuz məhdudiyyətlərə cavab olaraq, rəsmi Tehran bu dəniz dəhlizində nəzarəti gücləndirib. Hazırda ərazidən keçidlər ancaq İranın səlahiyyətli orqanlarının icazəsi əsasında aparılır".
Ş.İrani onu da diqqətə çatdırıb ki, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, bir sıra dəniz vasitələri limanları tərk edərək öz hədəflərinə təhlükəsiz şəkildə çata biliblər.
Bununla yanaşı, o, İranın yaxın gələcəkdə rəqiblərdə kəskin qorxu yaradan yeni bir silah növü nümayiş etdirəcəyini bəyan edib.
Hərbi rəsminin bəyanatına əsasən, Vaşinqton tərəfindən dəniz bazalarından İran torpaqlarına raketlər yönəldilib və daha sonra prosesə yeni sistemlər qoşulub. Bu vəziyyət akvatoriyaya əlavə esmineslərin cəlb olunmasına səbəb olub.
"Görülən bütün bu tədbirlərə baxmayaraq, rəqib hələ də heç bir irəliləyiş əldə edə bilməyib", - deyə Şahram İrani yekunlaşdırıb. /Oxu.az/