Dünya
661
20:40, Bu gün

"MK-Ultra qalmaqalı: Mərkəzi Kəşfiyyat İdarəsinin insanlar üzərində təcrübələri daha qorxunc imiş" -"The Intercept" (ABŞ)

"Sirli proqram və əsir düşən hərbçilər üzərində eksperimentlər..."

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) MK-Ultra proqramı çərçivəsində ABŞ-da saxlanılan hərbi əsirlər üzərində təcrübələr apardığı təsdiqlənib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Intercept" nəşri yazıb.

Yeni sənədlər şok yaradır

Nəşr yazır ki, məxfilikdən çıxarılan sənədlər bu eksperimentlərin xüsusilə Şimali Koreya əsirləri üzərində həyata keçirildiyini göstərir. Sənədlərə görə, 1950-ci illərdə əsir düşən koreyalı hərbçilər üzərində hipnoz, sedativ dərmanlar və müxtəlif psixoloji təsir metodları sınaqdan keçirilib. Məqsəd insan şüurunun idarə olunması imkanlarını yoxlamaq olub.

"Şüur nəzarəti" və qeyri-insani sınaqlar

MK-Ultra layihəsi təkcə dərman və hipnozla məhdudlaşmayıb. Sənədlərdə əsirlərin poliqraf testlərinə cəlb edildiyi və daha invaziv sınaqların planlaşdırıldığı qeyd olunur. Məxfilikdən çıxarılan materiallarda həmçinin "hipospray" adlı cihazlar, dərmanların gizli inyeksiya üsulları və hətta "müvəqqəti ölüm effekti" yaradan alətlərə dair layihələrdən bəhs edilir. 

Layihənin ilkin büdcəsi on minlərlə dollar təşkil edib və xərclərə tibbi avadanlıq, dərmanlar və xüsusi texnikalar daxil olub. Eyni zamanda Yaponiya və Koreyada əsirlər üzərində xüsusi qrupların işlədiyi göstərilir.

Məqsəd insan davranışını tam idarə etməkdir

Sənədlər MKİ-nin məqsədinin təkcə sorğu aparmaq deyil, insan psixikasını tam idarə etmək olduğunu göstərir. Qurumun daxili qeydlərində belə suallar yer alıb:

- İnsan öz əxlaqına zidd hərəkətə məcbur edilə bilərmi?

- Bir neçə saat ərzində ona cinayət törətmək öyrədilə bilərmi?

- Şəxsiyyət tam dəyişdirilə bilərmi?

- Tam yaddaş itirilməsi yaradıla bilərmi?

Bəzi təcrübələrdə narkotik qarışıqları ilə yaddaşın silinməsi və "amneziya yaratmaq" cəhdləri aparılıb. Hesabatlara görə, bu sınaqlar qismən uğurlu sayılıb və daha geniş təcrübələrə yol açıb.

Müharibə, təbliğat və nəticələr

Sənədlərdə qeyd olunur ki, ABŞ daxilində bu proqramların əsaslandırılması üçün "düşmənin eyni metodlardan istifadə etdiyi" iddiası irəli sürülüb. Lakin sonradan CIA daxilində aparılan araşdırmalar belə sübutların olmadığını göstərib.

Keçmiş MKİ rəsmilərindən biri etiraf edib ki, əsirlərin hipnoz və ya psixoloji nəzarət vasitəsilə idarə olunmasına dair real dəlil tapılmayıb. Bununla belə, MK-Ultra proqramı uzun illər MKİ tarixinin ən qalmaqallı və qəddar layihələrindən biri kimi qalır və insan üzərində aparılan etik sərhədləri aşan təcrübələrin rəmzinə çevrilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər