Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani Kolumbiya hökumətinin məhv etməyi planlaşdırdığı 80 begemotu ölkədən çıxarmağı təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Söhbət vaxtilə narkobaron Pablo Eskobar tərəfindən Afrikadan Kolumbiyaya gətirilərək şəxsi zooparkında saxlanılan begemotlardan gedir.
Məlumata görə, Anant Ambani Kolumbiya hökumətinə müraciət edərək heyvanların məhv edilməsi (evtanaziya) planını dayandırmağı xahiş edib. O, begemotları Hindistanın qərbində yerləşən "Vantara" zooparkına köçürməyi təklif edib. Ambani heyvanların peşəkar baytarların nəzarəti altında saxlanılmasını və onlar üçün xüsusi hazırlanmış təbii yaşayış mühitinin yaradılmasını təmin edəcəyini bildirib.
Xatırladaq ki, 1980-ci illərdə Pablo Eskobar Kolumbiyanın mərkəzindəki şəxsi zooparkı üçün iki begemot gətirmişdi. 1993-cü ildə narkobaronun ölümündən və əmlakının müsadirə olunmasından sonra heyvanlar vəhşi təbiətə buraxılıb, nəzarətsiz çoxalaraq yerli əhali üçün təhlükə yaratmağa başlayıblar.
Kolumbiyada təbii düşmənləri olmayan bu begemotlar təhlükəli invaziv növ kimi tanınıb və ölkə hakimiyyəti yüzə yaxın heyvanın məhv edilməsi planını təsdiqləmişdi.