Serbiyanın "Naftna industrija Srbije" neft emalı kompleksində Rusiyaya məxsus payın satışı ilə bağlı razılaşmanın bağlanmasına bir aydan az vaxt qalıb.
Moderator.az "Blic" nəşrinə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Qeyd olunur ki, NIS 2025-ci ilin yanvarından ABŞ sanksiyaları altındadır. Vaşinqton şirkətdə Rusiya strukturlarının tam çıxarılmasını tələb edib. 2026-cı ilin aprelində ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət edən bölməsi NIS-in cari fəaliyyətinə icazəni iyunun 16-dək uzadıb.
Vuçiç bildirib ki, yanacağın bahalaşması və sanksiya təhlükəsi Serbiya üçün ciddi çətinliklər yaradır. Onun sözlərinə görə, məhdudiyyətlər ləğv olunmayıb, sadəcə təxirə salınıb və istənilən an qüvvəyə minə bilər.
"Təsəvvür edin, biz nə ilə üz-üzəyik: sanksiyalar aradan qaldırılmayıb, onların tətbiqi sadəcə təxminən bir ay sonraya - NIS üzrə razılaşmanın yekunlaşdırılmalı olduğu vaxta keçirilib", - deyə Serbiya lideri bildirib.
Prezident neft qiymətlərinin artmasını ABŞ və İran daxil olmaqla iri beynəlxalq oyunçuların bəyanatları ilə əlaqələndirib və ölkənin "çox çətin vəziyyətdə" olduğunu qeyd edib. Vuçiç əlavə edib ki, yanacağın bahalaşmasını cilovlamaq üçün Serbiya artıq aksiz gəlirlərini dörddəbir azaldıb.