Dövlət ümumi təhsil müəssisələrində dövlət standartları əsasında digər dildə təhsil almaq istəyən şagirdlərin həmin tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
Moderator.az "Trend"ə istinadla xəbər verir ki, qaydalarda I sinfə qəbul üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.
Belə ki, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa (3-5 cümlədən ibarət) mətni dinləməli və suallara cavab verməli, sualı diqqətlə dinləyib uyğun cavab verməlidir.
Uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı, şəkil əsasında sadə cümlə qurmalıdır.
Uşaq əşyaların adlarını düzgün adlandırmalı, heyvan, bitki, meyvə-tərəvəz, peşə adları kimi ümumi anlayışları tanımalı, xüsusiyyət bildirən sözlərdən istifadə etməli (rəngləri adlandırmalı, ölçü və keyfiyyət bildirən sözləri bilməli), ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir etməlidir.
Uşaq səslərdən söz düzəltməli, hərfi formasına görə tanımalı (böyük və kiçik), danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirməli, sözləri aydın tələffüz etməlidir.
Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən beş iş günü müddətində elektron kabinetə göndərilir.