Mütəxəssislər tarix açıqladı: Fəlakətlər qapıdadır!
Dünya
383
16:03, Bu gün

Mütəxəssislər tarix açıqladı: Fəlakətlər qapıdadır!

Meteorologiya mütəxəssisləri 2026-cı ilin sonuna doğru son onilliyin ən güclü "El Nino" hava hadisələrindən birinin baş verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, may ayından etibarən təsirini göstərməyə başlayacaq bu təbiət hadisəsi səbəbindən bir çox bölgədə temperaturun kəskin artması, quraqlıq və daşqınların baş verəcəyi gözlənilir.

Dünya Meteorologiya Təşkilatı (WMO) Sakit okeanın mərkəzi və şərq hissələrində dəniz səthinin temperaturunun sürətlə yüksəldiyini açıqlayıb. Qurumun məlumatına görə, may-iyul ayları arasında "El Nino" şəraitinin formalaşma ehtimalı olduqca yüksəkdir.

Bölgələr üzrə kritik xəbərdarlıqlar

Ekspertlərin qiymətləndirmələrinə görə, "El Nino" dünya miqyasında hava balansını kökündən dəyişəcək.

Asiya və Avstraliyada quraqlıq həyəcanı: Hindistan və Avstraliyanın bəzi bölgələrində artıq anomal istilər və quraqlıq təsirləri müşahidə olunmağa başlayıb. Hindistanda muson yağışlarının son üç ildən sonra ilk dəfə normadan aşağı düşə biləcəyi qeyd edilir.

Amerikada yağıntı təhlükəsi: ABŞ-ın orta-qərb bölgələrində kənd təsərrüfatı üçün əlverişli şərait yaransa da, məhsul yığımı zamanı həddindən artıq yağış riski ilə bağlı fermerlərə xəbərdarlıq edilib. Cənubi Amerikada isə güclü yağışların soya və qarğıdalı istehsalına mənfi təsir göstərəcəyi gözlənilir.

Avropada istehsal balansı dəyişə bilər: Yay aylarında gözlənilən intensiv yağışların qarğıdalı istehsalına müsbət təsir edə biləcəyi, lakin buğda biçininin "El Nino" tam təsirini göstərmədən başlayacağı proqnozlaşdırılır.

Qida məhsullarının qiymətləri yüksələ bilər

Mütəxəssislər "El Nino"nun kənd təsərrüfatı məhsuldarlığını azaldaraq qlobal qida qiymətlərində yeni artımlara səbəb ola biləcəyinə diqqət çəkiblər. 2015-2016-cı illərdə baş verən güclü "El Nino" zamanı Cənub-Şərqi Asiyada ciddi quraqlıq yaşanmış; düyü, palma yağı və şəkər istehsalında böyük itkilər qeydə alınmışdı.

Mövcud geosiyasi gərginliklər səbəbindən gübrə təchizatında yaranan problemlər və artan xərclər, mümkün quraqlıqla birləşdikdə fermerlər üçün məhsuldarlıq itkisini və maliyyə təzyiqini daha da artıra bilər. Qarşıdakı aylarda dünya kənd təsərrüfatı və qida bazarlarının əsas diqqət mərkəzində "El Nino" ilə bağlı proseslər olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər