Kolumbiya hakimiyyəti müxalifət düşərgəsindən prezidentliyə namizəd Paloma Valensiyanı ona qarşı planlaşdırılan sui-qəsd barədə xəbərdar edib.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu barədə siyasətçi özü mətbuat nümayəndələrinə açıqlama verib.
"Müdafiə və daxili işlər nazirləri, eləcə də Milli Polisin rəhbəri narko-terrorçu qruplaşmaların yenidən mənim ölümüm üçün mükafat təyin etdiklərini diqqətimə çatdırdılar", - deyə o qeyd edib.
Valensiya bildirib ki, dövlət qurumları bu məlumatı ictimaiyyətlə bölüşməsinə icazə verib. Namizədin sözlərinə görə, sui-qəsd planı fəaliyyətini dayandırmış Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin keçmiş üzvlərindən ibarət qruplaşma tərəfindən hazırlanıb.
"Mənim həyatıma son qoymaq məqsədilə "Buçetula" ləqəbli şəxsə 2 milyard peso (560 min dollar - red.) məbləğində ödəniş edilib. Hazırda istintaq prosesi getdiyi üçün digər təfərrüatları açıqlaya bilmərəm", - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Paloma Valensiya sabiq dövlət başçısı Alvaro Uribenin təsis etdiyi Demokratik Mərkəz partiyasının rəhbərlik etdiyi sağçı koalisiyanın namizədidir. Mövcud sorğuların nəticələrinə əsasən, o, seçici dəstəyinə görə üçüncü sıradadır. Xatırladaq ki, Kolumbiyada növbəti prezident seçkilərinin mayın 31-də keçirilməsi planlaşdırılır.