İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana rəsmi səfəri çərçivəsində İslamabadda bu ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Abbas Əraqçi sosial media hesabında paylaşım edib.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın da iştirak etdiyi görüşdə ikitərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şahbaz Şərif hər iki ölkənin ali rəhbərliyinin münasibətləri yüksələn xətlə inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. O, ikitərəfli əməkdaşlığın, habelə beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın iki qonşu və müsəlman xalqın maraqlarına uyğun olaraq güclənəcəyinə əminliyini ifadə edib.
Abbas Əraqçi İranın ali rəhbəri və Prezident Məsud Pezeşkianın qonşularla, xüsusilə Pakistanla münasibətlərin hərtərəfli inkişafına verdiyi xüsusi önəmi diqqətə çatdırıb. Nazir Pakistanın xarici siyasətdəki xüsusi yerini və Tehranın əlaqələri daha da genişləndirmək iradəsini vurğulayıb.
İranlı nazir, həmçinin ABŞ və İsrailin İrana qarşı müharibə cəhdlərinin dayandırılması, atəşkəsin əldə olunması istiqamətində Pakistan hökumətinin göstərdiyi səylərə və danışıqlara ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib.
O, ölkəsinin atəşkəs prosesi ilə bağlı prinsipial mövqeyini bir daha bəyan edib.