Ukraynadan keçən "Drujba" boru kəmərinin doldurulmasına başlanılıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova öz "Facebook" səhifəsində məlumat verib.
"Bu səhər təzyiq artmağa və Belarusdan Ukrayna tərəfinə keçən "Drujba" neft kəmərinin doldurulmasına başlanılıb. Slovakiyaya neftin vurulması və çatdırılmasının aprelin 23-də səhər saatlarında bərpa olunması gözlənilir", - deyə nazir yazıb.
Macarıstanın "MOL" neft-qaz şirkəti öz növbəsində bildirib ki, "Ukrtransnafta" boru kəmərində təmir işlərinin başa çatması, fors-majorun ləğv edilməsi və Belarusdan xam neftin alınması barədə şirkəti rəsmi olaraq məlumatlandırıb.
Bu ilin yanvar ayına qədər Rusiya nefti "Drujba" boru kəmərinin Ukrayna hissəsi vasitəsilə Macarıstan və Slovakiyaya tədarük olunurdu. Daha sonra neftin nəqli dayandırılmışdı. Ukrayna tərəfi buna PUA hücumunun səbəb olduğunu bildirmişdi.