Polşa xarici işlər naziri Radoslav Sikorski ABŞ-li reper Kanye Uestin (indi Ye kimi tanınır) ölkəyə girişini qadağan edib.
Moderator.az-ın xəbərinə görə, siyasətçi bunu "Instagram" hesabında yazıb.
"Cənab Kanye Uest Polşaya girməyəcək. Faşistlərin yeri həbsxanadır", - deyə Sikorski paylaşımında bildirib.
Qeyd edək ki, ABŞ-li reperin konserti Polşanın Xojuv şəhərində planlaşdırılırdı, lakin təşkilatçılar aprelin 17-də onu ləğv ediblər. Bu, Polşanın mədəniyyət naziri Marta Çenkovskanın Uesti ölkəyə buraxmamaqla bağlı hədələməsindən sonra baş verib.
Aprelin 13-də Kanye Uest Fransadakı konsertini təxirə salıb. Qərar yerli hakimiyyət orqanlarının musiqiçinin antisemit çıxışları və Hitleri tərifləməsi səbəbindən şəhərdə "arzuolunmaz" olması barədə açıqlamalarından sonra verilib. Bu, Böyük Britaniyanın reperin girişini rədd etməsindən bir həftə sonra baş verib və nəticədə Uestin hedlayner (festivalın finalında çıxış edən əsas və ən məşhur iştirakçı) kimi çıxış etməsinin planlaşdırıldığı Londondakı "Wireless" festivalı ləğv edildi.
Qeyd edək ki, son illərdə Uest, xüsusən də nasizm və köləlik mövzusunda mübahisəli açıqlamaları ilə müntəzəm olaraq qalmaqallara səbəb olub, bəzən, hətta açıq şəkildə nasist simvolikasını da nümayiş etdirib.