İrəvan qüvvədə olan sazişlər əsasında Avropa İttifaqı (Aİ) ilə sektorial inteqrasiyanın "yol xəritəsi"ni həyata keçirir.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan azərbaycanlı jurnalistlərə bildirib.
"Avropa İttifaqına gəldikdə, Ermənistanın Aİ ilə iki çox vacib sənədi var. Birincisi - 2017-ci ildən qüvvədə olan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişidir. Bundan əlavə, Ermənistan Aİ ilə birgə yeni sənəd - əməkdaşlığın qısamüddətli, ortamüddətli və uzunmüddətli mərhələlərini müəyyən edən Ermənistan-Aİ Tərəfdaşlığının Strateji Gündəliyini qəbul edib", - deyə o bildirib.
Kostanyanın sözlərinə görə, faktiki olaraq bu, Ermənistanın Aİ-yə sektoral inteqrasiyası üçün bir növ yol xəritəsidir.
"Və biz bu gündəliyi ardıcıl olaraq həyata keçirəcəyik", - o bildirib.
Jurnalistin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) statusu barədə sualını cavablandırarkən Kostanyan bildirib ki, İrəvan bu təşkilatdakı üzvlüyünü dayandırıb.