Hər işıq, hər məktəb, hər ev, hər körpə… - Böyük Qayıdışa böyük baxış
Cəmiyyət
242
20:45, Bu gün

Hər işıq, hər məktəb, hər ev, hər körpə… - Böyük Qayıdışa böyük baxış

 
Qardaş Türkiyənin dövlət himni belə başlayır:
 
“Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq,
Sönmədən yurdumun üstündə tütən ən son ocaq”… 
 
Biz Qarabağda yağı əli söndürülən ocaqları vətənimizin başqa yerlərində qaladıq, yurdumuzun ocaqlarını əskilməyə qoymadıq, qayıdış ümidini söndürmədik və QORXMADIQ!
 
Otuz il boyunca “məcburi köçkün” ifadəsi milyonlarla insanın taleyini, ağrısını, həsrətini və eyni zamanda ümidini ifadə etdi.
 
Azərbaycanımızın dövlət himni isə sanki bu günlər üçün səslənir:
 
“…Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!”
 
Bəli, minlərlə can qurban oldu, yurdun sinəsi hərb meydanına döndü, qəhrəmanlarımız Vətən uğrunda ən böyük fədakarlıqları göstərdi. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olundu.
 
İndi isə qarşımızda başqa bir qutsal vəzifə dayanır: azad edilmiş torpaqları gülüstana çevirmək!
 
Əgər dünən əsas məqsəd Vətəni azad etmək idisə, bu gün əsas məqsəd həmin Vətəndə həyat qurmaqdır. Əgər dünən savaşın qəhrəmanlığı ön planda idisə, bu gün quruculuğun qəhrəmanlıq dastanı yazılır. Qarabağda və Zəngəzurun gündoğarında yanan hər işıq, tikilən hər ev, açılan hər məktəb, salınan hər bağ-bağça dövlətimizin və ulusumuzun bu böyük amalının canlı ifadəsidir.
 
Məhz buna görə də məcburi köçkünlük statusuna dair yeni hüquqi tənzimləmələrə sadəcə texniki və ya inzibati dəyişiklik kimi baxmaq doğru olmazdı. Burada söhbət bir tarixi mərhələnin başa çatmasından və yeni bir mərhələnin başlanmasından gedir.
 
Azərbaycan artıq məcburi köçkünlük dönəminin sonuna, qayıdışın isə daha dərin və institusional mərhələsinə daxil olur. - Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklər, verilən açıqlamalar və Böyük Qayıdış siyasətinin yeni mərhələsi göstərir.
 
Bu, dövlət qayğısının azalması kimi başa düşülməməlidir; əksinə, bu, qayğının formasının dəyişməsidir.
 
Otuz il boyunca dövlətimiz, ulusumuz məcburi köçkün vətəndaşlarını tək buraxmadı. Minlərlə ailə üçün yeni yaşayış məntəqələri salındı, evlər tikildi, sosial proqramlar həyata keçirildi, təhsil və səhiyyə imkanları yaradıldı, məşğulluq layihələri gerçəkləşdirildi. Dünyada analoqu az olan bu siyasət milyonlarla insanın ləyaqətli yaşamını təmin etdi.
 
Bu gün isə yeni mərhələ başlayır.
 
Əgər dünən həmin insanların əsas hüquqi kimliyi “məcburi köçkün” statusu ilə müəyyənləşirdisə, bu gün onların əsas kimliyi doğma torpaqlarına qayıdan, həmin torpaqlarda yaşayan, işləyən, quran və gələcəyini orada planlaşdıran Azərbaycan vətəndaşı kimliyidir.
 
Bax, bu, ağır ellərin ağır illərdən sonra yığvalının dəyişməsidir.
 
Böyük Qayıdış proqramının fəlsəfəsi də məhz burada görünür.
 
Dövlət artıq yalnız yaşayış evləri tikmir.
 
Dövlət həyat qurur.
 
Yeni şəhərlər və kəndlər salınır, yollar çəkilir, məktəblər açılır, səhiyyə müəssisələri qurulur, çağdaş kommunikasiyalar yaradılır, rəqəmsal və “ağıllı” idarəetmə sistemləri tətbiq olunur.
 
Ən önəmlisi isə insan öz torpağında öz gələcəyinin yiyəsi olur.
 
Çünki vətəndaş üçün ən böyük sosial təminat təkcə müavinət ola bilməz.
 
Ən böyük təminat doğma yurdda yaşamaq imkanıdır, o imkan içində məşğulluqdur.
 
Ən böyük təminat mülkiyyət hüququdur.
 
Balalarının gələcəyini öz torpağında görə bilməkdir ən böyük təminat.
 
Bəs görəsən, məcburi köçkün statusunun yeni mərhələyə uyğunlaşdırılması dövlət dəstəyinin zəifləməsi anlamına gəlirmi? - Sual ritorik, cavab aydındır: qətiyyən yox! Əksinə, dövlət dəstəyi yeni ortama uyğun olaraq davam edir.
 
Ünvanlı sosial yardım proqramları, məşğulluq layihələri, sosial müdafiə mexanizmləri, təhsil və digər dəstək vasitələri qüvvədə qalır. Bəli, artıq siyasətin mərkəzində köçkünlük halının idarə olunması deyil, qayıdış həyatının qurulması dayanır.
 
Məhz fərq də bundadır.
 
Azərbaycan dövləti savaşda yalnız torpaqları azad etmədi.
 
O, həm də tarixi ədaləti bərpa etdi.
 
Bu gün həmin ədalətin sosial və hüquqi tamamlanması prosesi gedir.
 
Bir vaxtlar məcburi köçkün şəhərcikləri salan dövlət bu gün Qarabağda və Zəngəzurun gündoğarında yeni şəhərlər qurur.
 
Bir vaxtlar insanları keçici olaraq məskunlaşdıran dövlət bu gün onları daimi həyata qaytarır.
 
Bir vaxtlar köçkünlük ağrısını yüngülləşdirən dövlət bu gün qayıdış sevincini böyüdür. Dədələrin sözüdür: sevinci bölüşdükcə çoxalar, kədəri bölüşdükcə azalar.
 
Tarixdə bəzi anlayışların öz missiyasını tamamladığı məqamlar olur.
 
“Məcburi köçkün” anlayışı xalqımızın yaddaşında hər zaman qalacaq. Bu anlayış ağrılı, çətin, lakin şərəfli bir dönəmin adıdır; ancaq bu gün onun yerini daha güclü bir anlayış tutur:
 
Qayıdan və quran Azərbaycan vətəndaşı!
 
Bu yeni mərhələ qürurvericidir!
 
Bu gün hüquqi sənədlərdə baş verən dəyişikliklərin arxasında məhz bu böyük mənəvi anlam dayanır.
 
Çünki Böyük Qayıdış sadəcə insanların evlərinə dönməsi sayıla bilməz.
 
Böyük Qayıdış Azərbaycanın öz tarixi bütövlüyünə, öz coğrafi yaddaşına, öz milli gələcəyinə qayıdışıdır.
 
Və bu qayıdış artıq dayanmayacaq.
 
Onun yolu-yönü, məqsədi və… iradəsi bəllidir!
 
Qarabağda və Zəngəzurun gündoğarında yanan hər işıq, açılan hər məktəb, qurulan hər ev, doğulan hər uşaq bu böyük yolun davam etdiyini göstərir.
 
Azərbaycan köçkünlük dönəmini arxada qoyur.
 
Azərbaycan Böyük Qayıdışın tam gücü ilə yaşayan mərhələsinə daxil olur. 
 
Böyük Qayıdışımız qutlu olsun!
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər