Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Zəngilanda keçiriləcək
Cəmiyyət
249
14:23, Bu gün

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Zəngilanda keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2026-cı ilin 2-8 avqust tarixində Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçiriləcəkdir.

Bu barədə Moderator.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi münasibətilə Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi genişmiqyaslı bərpa-quruculuq işləri ilə yenidən canlandırılan Şərqi Zəngəzurun dilbər guşəsi Zəngilanda təşkil olunacaqdır.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini bu yay düşərgəsində iştiraka dəvət edirik.

Düşərgənin proqramına Şərqi Zəngəzurun, həmçinin Qarabağın tarixi, mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Digər düşərgələrdə olduğu kimi, bu düşərgədə də gənclər ilk növbədə Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostluqlar qurmaq imkanları qazanacaqlar.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. İştirak xərcləri qarşılanacaq. Bundan əvvəl təşkil edilmiş düşərgələrə qatılan gənclərin təkrar iştirakı nəzərdə tutulmur.

Düşərgədə iştirak üçün gənclər 31 may 2025-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilən onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatlar üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün:

E-mail: [email protected]

Tel.: +994 12 493 10 54

Mob.: WhatsApp: +99451 867 36 02

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər