Çağrı mərkəzi olmayan dövlət qurumlarına
Cəmiyyət
198
17:50, Bu gün

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Çağrı mərkəzi olmayan qurumlarda bu xidmət "108" Çağrı Mərkəzi vasitəsi ilə göstəriləcək.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, çağrı mərkəzi canlı rejimdə müraciətlərin cavablandırılmasını çoxkanallı avadanlıqlardan istifadə edilməklə dövlət orqanları (qurumları) və onların tabeliyindəki orqan (qurum) üzrə vahid nömrə ilə vahid xidmət zalında (təmsilçi yerlərinin sayı 20 nəfərdən çox olduğu hallar istisna olmaqla), fövqəladə hallarda istifadə olunan xidmətlər (və ya qanunvericilikdə nəzərdə tutulan hallar) üzrə fasiləsiz (24/7), digər xidmətlər üzrə iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq həyata keçirəcək.

Təmsilçi yerləri, müraciətlərin konfidensiallığı və sayı, məlumatların məxfiliyi, habelə əlilliyi olan əməkdaşlar nəzərə alınaraq daxil olan zənglərin uzaqdan cavablandırılması həyata keçirilə biləcək.

Zənglərin uzaqdan cavablandırılması müvafiq texniki avadanlıqlar təmin edilməklə həyata keçirilir. Dövlət orqanları (qurumları) öz fəaliyyət xüsusiyyətlərindən asılı olaraq daha artıq iş vaxtı müəyyən edilməsi məsələsini nəzərdən keçirirlər. Təmsilçilərin həftəlik canlı rejimdə xidmət vaxtı 36 saatdan çox olmamalıdır.

Çağrı mərkəzinə ölkə ərazisində sabit telefon (məftilli) telekommunikasiya şəbəkələrindən zənglərin ödənişsiz qaydada edilməsi təmin olunacaq.

Qərara əsasən, çağrı mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları bu xidmətlərin "108" Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) üç ay müddətində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli, qoşulma ilə bağlı digər zəruri tədbirləri görməlidirlər.

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratmalı və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çağrı mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin "108" Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər