“Mediasiya artıq formal mərhələ deyil – real nəticə verən mexanizmə çevrilir”
Cəmiyyət
631
18:22, Bu gün

“Mediasiya artıq formal mərhələ deyil – real nəticə verən mexanizmə çevrilir”

Cəmiyyətimizdə hüquqi münasibətlərin sağlam şəkildə tənzimlənməsi, mübahisələrin məhkəməyə getmədən, daha çevik və effektiv yollarla həlli günümüzün əsas çağırışlarından biridir. Bu baxımdan mediasiya institutu getdikcə daha böyük əhəmiyyət qazanır və vətəndaşlar üçün alternativ çıxış yolu kimi ön plana çıxır.
 
Moderator.az olaraq bu istiqamətdə maarifləndirməni artırmaq, mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və real tətbiq imkanlarını oxucularımıza daha yaxından çatdırmaq məqsədilə yeni müsahibələr silsiləsinə başlayırıq. “Mediatorla üz-üzə” adlı rubrikamızda 20 saylı Mediasiya təşkilatının mediatorları ilə müntəzəm söhbətlər təqdim edəcəyik.
 
Rubrikanın ilk qonağı Bakı 20 saylı Mediasiya təşkilatının direktoru Nicat İsmayılovdur. Onunla mediasiyanın cəmiyyətdə rolu, praktik əhəmiyyəti və bu sahədə mövcud çağırışlar barədə danışdıq.
 
- Azərbaycanda mediasiya institututun tətbiqindən sonra mübahisələrin məhkəməyə getmədən həlli baxımından hansı real nəticələr əldə olunub? Statistik və praktik mənzərə nə deyir?
 
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institututun təşviqi üzrə ardıcıl tədbirlər görülür. Mediasiya institutu artıq formal hüquqi mexanizm mərhələsini keçərək praktik nəticə verən bir institut kimi formalaşmağa başlamışdır. Statistik göstəricilərə baxıldıqda bunu aydın şəkildə sübut etmək olar. 2025-ci il üzrə açıqlanan göstəricidə də, 8.133 barışıq sazişi və 47,4 faiz uğurlu nəticə qeyd olunur. Hər il mediasiya təşkilatlarına minlərlə müraciət daxil olur və onların əhəmiyyətli hissəsi məhkəməyə getmədən həll olunur. Xüsusilə diqqət çəkən məqam odur ki, barışıq sazişinin imzalanması mübahisələrin alternativ yolu kimi qəbul olunmasına baxmayaraq, bəzi işlərin ilkin mərhələdə nəticəsiz qalması da onu göstərir ki, mediasiya mədəniyyəti hələ tam formalaşma mərhələsindədir. Ümumilikdə isə demək olar ki, mediasiya artıq məhkəmə sisteminə alternativ yox, onu tamamlayan real bir mexanizmə çevrilməkdədir.
 
- “Vaxt və maliyyə qənaəti” praktikada özünü doğruldurmu?
 
Bəli, ümumi yanaşmaya baxdıqda demək olar ki, bu üstünlük praktikada özünü doğrultmaqdadır. Mediasiya prosesi adətən daha qısa müddətdə – təxminən bir ay ərzində yekunlaşır və ilkin xərclər məhkəmə prosesləri ilə müqayisədə xeyli aşağıdır. Lakin vacib bir nüans var: bu üstünlük yalnız tərəflər real razılaşma niyyəti ilə prosesə daxil olduqda hiss olunur. Əgər tərəflərdən biri mediasiyaya formal yanaşırsa, bu halda vətəndaş üçün əlavə mərhələ kimi görünə bilər. Yəni mediasiyanın effektivliyi yalnız hüquqi mexanizmdən deyil, tərəflərin davranışından və mediatorun peşəkarlığından da birbaşa asılıdır.
 
- Ən çox rast gəlinən mübahisə növləri hansılardır və səbəbi nədir?
 
Hazırda mediasiyada ən geniş yayılmış mübahisələr ailə mübahisələridir. Bu, təsadüfi deyil. Ailə münasibətlərində tərəflər çox vaxt münasibətləri tam pozmadan, daha yumşaq və çevik həll yolu axtarırlar. İkinci yerdə əmək mübahisələri dayanır. İşə bərpa, əmək haqqı və kompensasiya məsələləri tərəfləri sürətli və daha az riskli həll yollarına yönəldir. Kommersiya mübahisələri isə hələlik daha azdır. Bunun əsas səbəbi biznes subyektləri arasında mediasiya mədəniyyətinin tam formalaşmaması və ənənəvi olaraq məhkəməyə üstünlük verilməsidir.
 
- Mediasiyanın “formal mərhələ” kimi qəbul olunması nə dərəcədə doğrudur?
 
Praktikada bəzi tərəflər mediasiyanı sadəcə məhkəməyə keçid üçün tələb olunan prosedur kimi qəbul edir. Lakin bu yanaşmanı ümumiləşdirmək düzgün olmaz. Çünki statistik olaraq minlərlə mübahisə məhz mediasiyada həll olunur. Bu isə göstərir ki, mediasiya yalnız formal mərhələ deyil, real nəticə verən mexanizmdir. Əsas problem daha çox hüquqi mədəniyyətlə bağlıdır – tərəflərin prosesə yanaşması dəyişdikcə bu tendensiya da zəifləyir.
 
- Mediatorun neytrallığı və peşəkarlığı necə təmin olunur?
 
Mediatorların fəaliyyəti institusional şəkildə tənzimlənir. Mediasiya Şurası bu sahədə əsas nəzarət və koordinasiya funksiyasını həyata keçirir. Mediator olmaq üçün xüsusi təlimlərdən keçmək və sertifikat əldə etmək tələb olunur. Eyni zamanda mediatorların peşəkarlığının artırılması məqsədi ilə iki ildən bir ixtisasartırma kursundan keçməyimiz tələb olunur. Neytrallıq və etik davranış qaydaları da ayrıca tənzimlənir. Mediasiya zamanı tərəflər qarşılıqlı razılıq əsasında mediatoru başqa mediator ilə əvəz etmək hüququna malikdirlər. Mediator Mediasiya haqqında Qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə yəni neytrallıq prinsipi hər hansı səbəbdən pozulduqda dərhal özü-özünə etiraz etməlidir.
 
- Mediasiya gələcəkdə məhkəmə sisteminin yükünü azalda biləcəkmi?
 
Bəli, düşünürəm ki, mediasiyanın potensialı kifayət qədər yüksəkdir və artıq bu istiqamətdə real nəticələr görünür. Minlərlə işin məhkəməyə getmədən həll olunması məhkəmə yükünün azaldılmasına birbaşa təsir edir. Lakin mediasiyanın məhkəmə sistemini ciddi şəkildə yüngülləşdirməsi üçün bir neçə şərt vacibdir: vətəndaşların bu instituta inamının artması, mediatorların peşəkar səviyyəsinin yüksəlməsi, hüquqi ictimaiyyətdə mediasiya mədəniyyətinin geniş yayılması. Əgər bu istiqamətlərdə inkişaf davam edərsə, mediasiya gələcəkdə təkcə alternativ mexanizm kimi deyil, hüquq sisteminin əsas sütunlarından biri kimi çıxış edə bilər.  Bunun üçündə Mediasiya Şurasının sədri cənab Nadir Adilovun dediyi kimi Gənclər (Mediatorları nəzərdə tutur) çiyin-çiyinə verib çalışır.
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər