Qranitdən yoğrulan qəbir daşları, qəbirlər üzərində yüksələn məqbərələr, büstlər, heykəllər, bir az aralıda yerləşən, ətrafını tikan, üstünü toz basmış, sahibləri kimi taleyin kor ixtiyarına buraxılmış qəbirlərdən necə də möhtəşəm görünür...
Meşə içində, dağ üstündə, al yamaclarda qanbahası materiallardan tikilən monumental binalar, əlçatmaz, ünyetməz sıldırım qayaları xatırladan villalar, o yerlərin min il əvvəl məskunlaşmış sakinlərinin sərmöhrəli hasarlarından, çiy kərpiclərdən tikilmiş daxmalarından, palçıqlı, yöndəmsiz yollarından necə də əzəmətli görünür...
Xurması Ərəbistandan, bananı Afrikadan, xa0kəllə qəndi İrandan, çayı Hindistandan gətirilən, xaşlaması körpə milli danadan, plov üçün aşqarası milli quzudan hazırlanan, ölüsü al-qumaşa bürünən, xa0gur səsli mollası Qum yetirməsi olan yas mərasimləri, axırıncı tikəsini xeyrata yönəldən, qəndi qonşudan, çayı başqa bir qonşudan gələn, Supersunun mədə qıcqırdan yağından, ağız büzən qəndindən nemətlərin ortaya qoyulduğu, qazançı qəbir yerinə, qəbir daşına yetmədiyi yaslardan necə də təmtəraqlı görünür...
Haram pullarla Məkkəni su yoluna döndərən dördqat hacılar, milli zülmə göz yumub Kərbəla, Məşhəd yolu tutanlar, məzhəb carçıları, din adına xurafat yayan mollalar, gözü Həcc yolunda qalanlardan, vətəni Kərbəla, Məşhəd meydanı sanıb vətən yolunda can çürüdən, imanı ilə, inancı ilə sidq ürəkdən dinə sarılanlardan necə də cəlb edici görünür...
Qarnı piylənmiş, boynu fır bağlamış məmurlar, işsizlikdən, səfalətdən arıqlayıb çöpə dönmüş, rəngi öləziyən, nəfəsi daralan statistik azərbaycanlıdan, əsgər qazanına göz dikən təpərsiz generallar, valideyn hesabına xidmət çəkən əsgərdən, vahid pəncərə qaydasınca tələbənin qanını soran institut müəllimləri, təqaüdü yol puluna çatmayan tələbədən necə də qüdrətli görünür...
Altı yüz min tərkibli firqə mənsubları, sıraları seyrələn müxalifətdən, 120 nəfər hazıra nazir deputat, səsi oğurlanan seçicidən, saxta alimlik dərəcəsi alanlar, savadsısızlaşdırılmış tələbədən, sinəsi "İstiqlal", "Şöhrət" ördenləri ilə bəzədilmiş əməlsizlər, istiqlal aktına imza atanlardan, sifarişli hökmlər çıxaran hakimlər, can verən ədalətdən, siyasəti çox da uzağa getməyən rəyasət, zor gücünə tabe etdirdiyi rəiyyətdən, milyardlar sahibi iqtidar, miskin hala salınmış millətdən necə də qalib görünür...
Diktaturanın, avtoritarizmin əzəmətini şəkilləndirən möhtəşəm tikililər, məddah alqışlar ünvanı böyük saraylar, əlçatmaz qüllələr, fəvvarəli parklar, xiyabanlar, ölüsünə qəbir yeri tapılmayan, dirisi saya salınmayan, iradəsi zorlanmış, seçim haqqı əlindən alınmış, istiqlalına xor baxılan, cənnət Qarabağı odlara yaxılan, kiçilən, bölünən məmləkətdən necə də üstün görünür...
Dağlar ucadır, zirvəsini fəth edənlərə təkəbbür göstərməz, dərələr dərindir, axan çayları içində boğmaz, yollar haçalıdır, haqq yolu tutanları çaşdırmaz, günəş əzmətlədir, aylı geçələrə xələl gətirməz, barlı ağaclar təvazödən əskik olmaz, kamil insan, cahilin cahilliyini üzə vurmaz, ədalətsizlik vardır deyə, ədalət sahibi ədalətindən əl götürməz, damlalaları içində əridən dəryalar, damladan payını kəsməz, hər varlağın sahibi Allahdır, yaratdıqlarını sahibsiz buraxmaz...
Nurəddin İsmayıl
25 iyun 2015