Valideynlər üçün SOS siqnalı: Bağçalarda təhlükə artır! — “Övladlarınızda bu əlamətlər varsa...”
Aktual
1724
29 May 2025 | 11:52

Valideynlər üçün SOS siqnalı: Bağçalarda təhlükə artır! — “Övladlarınızda bu əlamətlər varsa...”

“Son illərdə uşaq bağçaları və uşaqlar evində uşaqlara qarşı psixoloji və fiziki zorakılıq hallarının artması və bu halların video sübutlarla ictimaiyyətə təqdim olunması cəmiyyətdə haqlı olaraq ciddi narahatlıq doğurur. Bu, sadəcə tərbiyə prosesindəki boşluqların deyil, eyni zamanda sistemli nəzarət mexanizmlərinin zəifliyinin göstəricisidir. Ən vacib məsələlərdən biri bu tip müəssisələrdə uşaqlarla birbaşa təmasda olan şəxslərin psixoloji durumları yoxlanılmadan işə qəbul olunmalarıdır. Bu həm hüquqi, həm etik baxımdan ciddi risklər yaradır”
Bu sözləri Moderator.az-a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq  Elnur Rüstəmov deyib.
Onun sözlərinə görə, müasir dövrdə bir çox inkişaf etmiş ölkələrdə uşaqlarla işləyən şəxslərin işə qəbul zamanı psixoloji qiymətləndirmədən keçirilməsi qanunla tənzimlənir:
“Bu, təkcə peşəkar uyğunluğu deyil, eyni zamanda şəxsin impuls nəzarəti, aqressiya meyilləri, empatiya qabiliyyəti və travma ilə davranış tərzinin ölçülməsi üçün əsas vasitədir.
Azərbaycan Respublikasında bu məsələ, hələlik, sistemli şəkildə qanunvericilikdə yer almasa da, “Uşaq Hüquqları haqqında” Qanun və “Təhsil haqqında” Qanun çərçivəsində uşaq hüquqlarının qorunması, zorakılığın qarşısının alınması kimi ümumi müddəalar mövcuddur. Lakin praktikada bu hüquqların təmin olunması üçün işə qəbul zamanı psixoloji testlərin məcburi olması mütləqdir.
Əlbəttə ki, uşaq müəssisələrində çalışan tərbiyəçilər psixoloji qiymətləndirmədən keçirilməzsə, risklər yaranır. O risklərə biz aşağıdakılarə daxil edə bilərik:
Zorakılıq riski. Stressə davamlı olmayan, emosional tənzimləmə bacarıqları zəif olan, travma keçmiş və ya psixopatoloji meylləri olan şəxslər uşaqla işlədikdə zorakılıq hallarına meyil artır.
Uşaqlarda travmanın yaranma riski. Erkən yaşlarda psixoloji və fiziki zorakılığa məruz qalan uşaqlarda uzunmüddətli travmatik təsirlər formalaşır, nəticədə onlarda təşviş pozuntuları, inamsızlıq, aqressiya, özgüvən əksikliyi yaranır.
Ailə və cəmiyyətin inamının itməsi riski. Bu da mühüm məqamdər. Belə ki, uşaq bağçaları və digər müəssisələrə etibar azaldıqca, valideynlər qeyri-rəsmi, qeyri-peşəkar xidmətlərə yönəlir ki, bu da daha böyük təhlükələr doğurur”.
 
E.Rüstəmov vurğulayıb ki, uşaq bağçaları, internat evləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən müəssisələrdə çalışanların ilkin və dövri psixoloji yoxlamadan keçməsi qanunla məcbur edilməlidir:
“Bunun üçün psixoloji testlərin nəticələrinə əsasən sertifikatlaşdırma aparılmalı və yalnız uyğun nəticə alanlar işə qəbul edilməlidir. Eyni zamanda işə qəbul olunanlara dövri psixoloji yoxlamalar və superviziya tətbiq olunmalıdır.
Çünki, uşaqlarla çalışan hər bir şəxs peşəkar biliklə yanaşı, sağlam psixoloji vəziyyətdə olmalıdır. Bu, sadəcə onların öz peşə öhdəliklərini yerinə yetirmələri üçün deyil, həm də gələcək nəsillərin psixoloji təhlükəsizliyi və rifahı üçün birbaşa şərtdir. Bu məsələ hüquqi müstəvidə normativləşdirilməli və ciddi şəkildə nəzarətdə saxlanılmalıdır”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər