Boşandıqdan sonra uşağı göstərməyən valideyn təzminat ödəyəcək
Ekskluziv
691
16:38, Bu gün

Boşandıqdan sonra uşağı göstərməyən valideyn təzminat ödəyəcək

Ailə münasibətlərində yaranan gərginliklər təkcə tərəflər arasındakı şəxsi anlaşmazlıq kimi qalmır, bu vəziyyət birbaşa uşağın həyatına və onun valideynləri ilə münasibətlərinə təsir göstərir. Xüsusilə uşaqla ünsiyyət hüququ məsələsi bu prosesdə ən həssas və diqqət tələb edən istiqamətlərdən biri hesab olunur.
Ailə münaqişələri zamanı valideynlərdən birinin digər valideynlə uşağın əlaqəsini məhdudlaşdırmağa çalışması halları tez-tez rast gəlinir.

Bu isə yalnız şəxsi münasibət problemi deyil, eyni zamanda hüquqi müstəvidə qiymətləndirilməsi tələb olunan bir vəziyyətdir. Belə hallarda əsas yanaşma uşağın mənafeyinin qorunmasıdır. Eyni zamanda, valideynlərin hüquqlarının balanslı şəkildə təmin olunması və ünsiyyətin əsassız şəkildə məhdudlaşdırılmaması hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Maraqlıdır, son dövrlərdə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən formalaşan yanaşmaya əsasən, boşanma zamanı valideynlərdən birinin digərinin uşaqla ünsiyyətinə mane olması hallarında mənəvi zərərin tutulmasının mümkünlüyü qeyd olunur. Bu baxımdan, belə halların hüquqi qiymətləndirilməsi hansı meyarlar əsasında aparılır?

Valideynin uşağı digər tərəfdən uzaqlaşdırması necə sübut edilir və məhkəmələr mənəvi zərərin məbləğini müəyyən edərkən hansı halları nəzərə alır?

Mövzu ilə bağlı Moderator.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarına əsasən, bu qərar şəxsiyyət hüquqlarının pozulması və onların qorunması istiqamətində nəzərdə tutulmuşdur:

"Burada qeyd olunur ki, praktikada tez-tez rast gəlinən hallardan biri uşağın hansı valideynin yanında qalmasından sonra digər valideynin uşaqla ünsiyyətinə maneələrin yaradılmasıdır. Yəni, uşağın digər valideyndən uzaqlaşdırılması, onunla görüşünə müxtəlif formalarda əngəllərin törədilməsi müşahidə olunur.

Qeyd edim ki, bu cür halları iddia edən valideyn mütəmadi şəkildə uşağını görmək istədiyini qarşı tərəfə mesajla bildirə bilər, görüş tələb edə bilər, zənglər edə bilər və bu zənglərin qeydə alınması vacibdir. Bundan əlavə, rəsmi qaydada məktub göndərilməsi və ya yaxın qohumların iştirakı ilə bu cəhdlərin şahid kimi təqdim olunması məhkəmədə sübut kimi istifadə oluna bilər.

Eyni zamanda, əgər uşaq yetkin düşüncəyə malikdirsə və əqli qüsuru yoxdursa, o da görüşlə bağlı problemləri öz ifadəsi ilə bildirə bilər. Digər tərəfdən, məhkəmə qətnaməsi qüvvəyə minsə də, icra məmuru tərəfindən icra olunmaması və bununla bağlı aktın tərtib edilməsi də valideyn tərəfindən maneələrin yaradılmasına dəlalət edə bilər. Məbləğin müəyyən olunmasına gəldikdə isə, burada əsas meyarlar şəxsin çəkdiyi mənəvi iztirab, keçirdiyi psixoloji sarsıntı və digər oxşar hallardır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər