Doğum sayı ildən-ilə azalır. 2004-2025-ci illə müqayisədə doğulan uşaqların sayında 5000 azalma var. Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb. Azərbaycanda doğum göstəriciləri niyə aşağı düşür? Bəs bu problemin kökündə hansı səbəblər dayanır?
Bu barədə Moderator.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, dünyanın bəzi ölkələri istisna olmaqla, əhalinin azalması əslində qlobal bir tendensiyadır.
Sosioloqların fikrincə, doğum sayının azalmasının bir çox səbəbləri var. Doğrudur, doğum sayında azalma Azərbaycan cəmiyyəti üçün heç vaxt xarakterik olmayıb:
“Azərbaycanda həm sovet dövründə, həm də sovet dövründən əvvəl çoxuşaqlı ailələr müşahidə olunurdu. Belə ailələr çox idi və bu, müəyyən mənada bir trendə çevrilmişdi. Niyə? Çünki müharibə dövründəki itkilərin yerini doldurmaq məqsədilə Sovet hökuməti təbii artımı təşviq edən müxtəlif dəstək tədbirləri həyata keçirirdi. Həmin dövrdə uşaq pulu verilirdi, “Qəhrəman Ana” adı təsis olunmuşdu və çoxuşaqlı ailələrə əlavə imtiyazlar təqdim edilirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal dünyaya açıldı. İnsanlar gördülər ki, bir çox ölkələrdə çoxuşaqlı ailələrdən çox, az uşaqlı, lakin uşaqlarını daha keyfiyyətli şəkildə böyüdən ailələrə üstünlük verilir. Bu da ailə planlaşdırmasında yeni yanaşmaların formalaşmasına səbəb oldu. Ümumilikdə, çoxuşaqlı ailələrin sayının azalmasının əsas səbəblərindən biri də əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəlməsidir. Təhsil və mədəniyyət səviyyəsi artdıqca, çoxuşaqlı ailələrə meyil azalır. Əhali artımı isə daha çox kasıb, təhsilsiz və mədəni səviyyəsi nisbətən aşağı olan bölgələrdə müşahidə olunur. Məsələn, xalq arasında belə bir deyim də var: “Kasıbın nəyi olmasa, uşaqdan bol olur”. Uşaq pulu bir növ motivasiyaedici alət kimi istifadə olunurdu və bir çox ailələr, xüsusən də çoxuşaqlı ailələr bu sosial dəstək hesabına dolanırdı. Məhz bu səbəbdən, uşaq pulu sistemi ləğv olunduqdan sonra ailələrin çoxuşaqlı olmağa marağı azaldı. Çünki insanlar başa düşdülər ki, uşağı böyütmək, ona baxmaq, onu təmin etmək artıq daha çətin bir məsələyə çevrilib. Qeyd etmək lazımdır ki, 2006-cı ilə qədər Azərbaycanda uşaq pulu sistemi mövcud idi. Bu, uşaqlar üçün nəzərdə tutulan sosial müavinət idi. Lakin 2006-cı ildən etibarən bu sistem ləğv olundu və əvəzində ünvanlı sosial yardım tətbiq edilməyə başladı. Ancaq demək olar ki, bu yardım uşaq pulu sistemini tam əvəz edə bilmədi. Çünki onun əhatə dairəsi daha məhduddur və uşaq pulunun əhatə etdiyi əhali qruplarını tam əhatə etmir. Digər tərəfdən, müasir dövrdə insanlar daha rahat, komfortlu və fərdi həyat tərzi sürmək istəyirlər. Daha çox özlərini düşünürlər, bir növ daha eqoist yanaşırlar. Bu səbəbdən də ailə və uşaq qayğılarından çəkinməyə başlayıblar. Eyni zamanda, müxtəlif filmlər və seriallar vasitəsilə insanlar başqa ölkələrdə ailə modelini izləyirlər və görürlər ki, az uşaqlı ailələr – məsələn, bir və ya iki uşaq – daha çox resursla uşaqları keyfiyyətli şəkildə böyüdür, onlara yaxşı təhsil verir, karyera imkanları yaradır, daha yaxşı məişət və mənzil şəraiti təmin edir. Bu tendensiya artıq ailə planlaşdırmasında üstünlük təşkil edir. Bu səbəblərin içərisində əsas aparıcı amillərdən biri də insanların uşaq və ailə planlaşdırması ilə bağlı düşüncə tərzinin dəyişməsidir”.
Sosioloq müasir dövrdə insanların daha çox rahat və fərdi (eqoist) həyat tərzinə üstünlük verdiyini vurğulayıb:
“Artıq uşağa və ailəyə məsuliyyət daşımaq istəmirlər. Boşanma hallarının artması da bu tendensiyanı daha da gücləndirir. Statistika göstərir ki, boşanmalar çox hallarda çoxuşaqlı ailələrdə baş verir. Ailə institutu zəiflədikcə təbii artım da aşağı düşür. Çünki ailə sabitliyi olmadıqda, uşaq dünyaya gətirmə halları da azalır. Eyni zamanda, reproduktiv sağlamlıqla bağlı problemlər də doğum səviyyəsinin azalmasında mühüm rol oynayır. Bəzi ailələrdə tibbi səbəblərdən uşaq dünyaya gətirmək çətinləşib. Bundan əlavə, iqtisadi amillər də nəzərəçarpacaq dərəcədə təsir edir. İnsanlar maddi çətinlikləri nəzərə alaraq düşünürlər ki, bir neçə uşağı böyütmək və təmin etmək çətindir, ona görə də bu məsuliyyətdən qaçmağa üstünlük verirlər. Bununla belə, təbii artım məsələsi dövlət və cəmiyyət üçün olduqca strateji əhəmiyyət daşıyır. Azərbaycanda son illərin statistik göstəriciləri narahatedici dinamikanı ortaya qoyur. Belə ki, son 10 ildə doğum səviyyəsində təqribən 60 faiz azalma müşahidə olunub. Əgər 10 il öncə ildə təqribən 170 mindən çox uşaq dünyaya gəlirdisə, hazırda bu rəqəm xeyli azalıb. Daha geniş bir zaman kəsiyinə baxsaq, son 23 il ərzində ümumi əhali artımı 26,44 faiz təşkil etsə də, bu, əslində ciddi bir demoqrafik ləngimənin göstəricisidir. Bu tendensiya təkcə Azərbaycanda deyil, qlobal miqyasda müşahidə olunur və insanların düşüncə tərzində baş verən transformasiyanın nəticəsidir. Qeyd etmək lazımdır ki, təbii artımın azalması başqa bir təhlükəni də gündəmə gətirir – mexaniki artım, yəni miqrasiya hesabına baş verən əhali artımı. Təbii artım zəiflədikcə, ölkə əhalisi artmaqda davam edə bilər, amma bu artım əsasən xarici vətəndaşların hesabına baş verəcək. Bu da öz növbəsində sosial və mədəni problemlər yarada bilər. Avropa ölkələrində bu proses artıq illərdir ki, müşahidə olunur. Əhalinin qocalması, doğum səviyyəsinin aşağı düşməsi nəticəsində əmək bazarını əsasən miqrantlar təşkil edir. Eyni vəziyyət Azərbaycanda da zamanla yarana bilər. Bu səbəbdən təbii artımın qorunması və dəstəklənməsi dövlətin demoqrafik siyasətində prioritet sahələrdən biri olmalıdır”.
Ü.Şəfiyev qeyd edib ki, təbii artımın inkişafı və dayanıqlılığı məsələsində biz bir cəmiyyət olaraq maraqlı olmalıyıq:
“Əvvəla, qeyd etdiyim kimi, təbii artım zəiflədikcə, onun yerini mexaniki artım – yəni miqrasiya hesabına əhali artımı tuta bilər. Bu isə uzunmüddətli perspektivdə sosial, mədəni və təhlükəsizlik baxımından arzuolunmaz nəticələr doğura bilər. Digər tərəfdən, Azərbaycan elə bir geosiyasi bölgədə yerləşir ki, burada daim keyfiyyətli və sağlam gənc əhalinin mövcudluğu strateji əhəmiyyət kəsb edir. Bu, həm səfərbərlik məsələlərində, həm də əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Genefondun qorunması və gücləndirilməsi də bu baxımdan olduqca vacibdir. Bu səbəbdən təbii artımın stimullaşdırılması istiqamətində bir sıra dəstək tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun olardı. Məsələn, uşaqlar üçün verilən sosial müavinətlərin yenidən bərpası barədə düşünmək olar. Ən azı aztəminatlı ailələrdən olan uşaqlara diferensial şəkildə uşaq pulu təyin edilə bilər.
Yeri gəlmişkən, bu məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Belə ki, hazırda “çoxuşaqlı ailə” statusunun yalnız beş və daha çox uşağı olan ailələrə şamil olunmasına baxmayaraq, bu meyarın üç uşağa endirilməsi təklif olunub. Əgər bu dəyişiklik qəbul olunarsa, üç uşaqlı ailələr də “çoxuşaqlı ailə” kimi tanınacaq və bu statusa aid olan imtiyazlardan yararlana biləcəklər. Bu da ailə planlaşdırmasında müsbət motivasiya yaradaraq üç uşağın sosial norma halına gəlməsinə yol aça bilər. Hazırda Azərbaycanda ən çox yayılmış ailə modeli iki uşaqlı ailədir. Əgər dövlət siyasəti ilə üç uşaqlı ailələrə daha çox dəstək verilsə, bu, yeni qurulan ailələr üçün uşaq planlamasında stimul rolu oynaya bilər”.
“Bununla yanaşı, yeni ailə quranlar üçün mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də hökumətimiz artıq bir sıra mütərəqqi addımlar atır. Doğrudur, bu proqramlar hazırda gənc ailələrin müəyyən bir kateqoriyasını əhatə edir. Amma çox yaxşı olar ki, bu kateqoriyalar genişləndirilsin və daha çox ailə bu imkanlardan faydalana bilsin. Məsələn, Türkiyədə tətbiq olunan modelə nəzər salsaq görərik ki, orada gənc ailələrə mənzil sahibi olmaları üçün xüsusi proqramlar mövcuddur. Daha dəqiq desək, Türkiyədə gənc ailələr üçün mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar tətbiq olunur. Bu proqram çərçivəsində onlara faizsiz kreditlər təqdim edilir. Bu kreditlərin ödənişi isə dörd ildən sonra, güzəştli şərtlərlə və hissə-hissə şəkildə başlayır. Türkiyədə bu məsələlərlə "Ailə və Gənclər Fondu" adlı xüsusi bir fond məşğul olur. Oxşar bir fondun Azərbaycanda da yaradılması məqsədəuyğun olardı. Belə bir fond həm gənc ailələrin mənzil və məişət məsələlərinin həllində dəstək ola bilər, həm də ailə planlaşdırmasında və nəticə etibarilə təbii artım göstəricilərində müsbət rol oynaya bilər. Bununla yanaşı, gənc ailələrin məşğulluq problemlərinin həlli üçün də konkret addımlar atıla bilər. Yəni bu ailələrin həyat şəraiti yaxşılaşmalıdır ki, onlar daha rahat şəkildə uşaq dünyaya gətirmək və böyütmək haqqında düşünsünlər. Maddi və sosial sabitlik ailə planlaşdırmasının əsas amillərindəndir.
Bu baxımdan bir neçə paralel addımın atılması vacib görünür:
“Çoxuşaqlı ailə” anlayışının beş uşaqdan üç uşağa endirilməsi
Uşaqlarla bağlı sosial müavinətlərin bərpa olunması
Gənc ailələr üçün mənzil və məşğulluq imkanlarının genişləndirilməsi
Əgər bu istiqamətlərdə effektiv siyasət aparılsa, təbii artım səviyyəsində müşahidə olunan ləngimənin qarşısı alına bilər. Doğrudur, bu gün Cənubi Qafqaz ölkələri arasında təbii artım göstəricilərinə görə Azərbaycan ön sıralardadır. Ancaq statistik göstəricilərə nəzər salanda görürük ki, son 10-20, hətta 30 illə müqayisədə ölkəmizdə də təbii artım səviyyəsində nəzərəçarpacaq ləngimə var”,- deyə sosiloq bildirib”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "gender,ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.