Yazar
Elşad Paşasoy
Bütün yazılar
kse
8029
03 Sep 2014 | 01:29

Bir müəllim köçdü dünyadan...

Sentyabrın 2-də Azərbaycan təhsilinə ağır itki üz verib. “Zəkalar” liseyinin riyaziyyat müəllimi, əməkdar müəllim Rafil Cəlal oğlu İmanov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Rafil müəllimlə vida mərasimi onun 1992-ci ildə yaratdığı “Zəkalar” liseyində yüksək səviyyədə təşkil olunub. 

Bu ağır xəbəri eşidən kimi mən də barəsində çox eşitdiyim, amma cəmi bir neçə dəfə təmasda olduğum bu gözəl insana son vəfa borcumu vermək üçün vida mərasiminə tələsdim. Doğrusu, belə vida mərasimi görməmişdim. Bir sadə müəllimə bu qədər sevgi, bu qədər bağlılıq az-az olur. Lisey rəhbərliyi elə bu sevgini dəyərləndirdiyi üçün Rafil müəllimlə vida mərasimini doğma təhsil ocağında təşkil etmişdi. Onunla vidalaşmaq üçün gələn minlərlə insanın arasında ayrı-ayrı universitet və orta məktəblərin müəllimləri, vaxtilə və son illər dərs dediyi şagirdlər, valideynlər, çoxsaylı əqidə dostları var idi. Hamı göz yaşı içərisində bu gözəl ziyalını son mənzilə yola salırdı. Dəfn mərasimində liseyin direktoru Aygün Əhmədli, mərhumun yaxın dostlarından olan Zəlimxan Məmmədli və digər şəxslər çıxış edərək onun işıqlı simasını bir daha canlandırıb. R.İmanovun müsahibələrindən birinin audioyazınının səsləndirilməsi isə mərasim iştirakçılarını göz yaşlarında boğdu. Gözəl iş yoldaşı, dəyərli pedaqoq və insanı itirən liseyin direktoru Aygün müəllimə mərasim boyu göz yaşlarını saxlaya bilmirdi. Tanıyanların sözlərinə görə, Rafil müəllim elə bir ziyalı idi ki, onun dərs dediyi şagirdlər nadir hallarda ali məktəb kandarından kənarda qalırdılar. Vida mərasimindən sonra insan seli göz yaşları içərisində Rafil müəllimi sevimli iş yerindən Hövsan qəbiristanlığına ”“ son mənzilə yola salındı. 
Bu Vətənə çoxsaylı ziyalılar və beş övlad qoyub gedən Rafil müəllimin bu ilin payızında 65 yaşı tamam olacaqdı...

Allah rəhmət eləsin!
Tanımayanlar üçün xatırlatma:

R.İmanov 1949-cu ildə noyabrın 12-də Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956-1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub.1966-1970-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb və həmin institutu bitirib. 1970-1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. 1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib. Xalq hərəkatının fəallarından olan bu vətənpərvər insan 1991-1992-ci illərdə “Gələcək Zəkalar” liseyini yaradıb. 1992-1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonrakı müddətdə 287 saylı “Zəkalar” liseyində müəllim kimi çalışırdı. İş yoldaşları deyir ki, onun şagirdləri riyaziyyat olimpiadasının rayon, şəhər və respublika turlarında, respublika səviyyəli yarışlarda, intellektual televiziya yarışlarında uğurla çıxış edib. Məzunlarından hər il 90-100%-i ali məktəblərə daxil olurdu. Metodist və ali kateqoriyalı müəllim idi. 1992-2001-ci ildə TQDK-da ekspert kimi çalışıb. 20-dən artıq elmi-metodik məqalənin müəllifi idi. “İlin müəllimi” və “Pedaqoji mühazirə”nin qalibi olub. O, hər il “ZƏKA” yarışını keçirərək Azərbaycanın hər bölgəsindən istedadlı uşaqları tapıb üzə çıxardırdı. Onun dərs dediyi şagirdlərin səsi təkcə Respublikanın Ali məktəblərindən deyil, onların sorağı Amerikadan, Almaniyadan, İngiltərədən, Fransadan, Rusiyadan, Türkiyədən və dünyanın neçə-neçə tanınmış elm ocaqlarından gəlir. Rafil müəllim riyaziyyat dərsliklərinin hazırlanmasında yaxından iştirak edib. Dəfələrlə “Çevrə” dərgisində və “Azərbaycan müəllimi” qəzetində məqalələri çap olunub. 2008-ci ildə şagirdləri ilə birlikdə əyləncəli “287-Zəkalar” adlı kitabı çap etdirib. 2010-cu ildə “Həndəsənin inciləri” və “Sahələr metodu” kitabçalarını hazırlanıb. Kəsəsi, Rafil müəllim “Zəkalar” liseyini yaratmaqla Vətəni və xalqı qarşısındakı ən böyük xidmətini edib.
 
Link kopyalandı!
Son xəbərlər