“Sonuncu dəfə belə hal İkinci dünya müharibəsi zamanı baş vermişdi”
İngilis demoqraflara görə, koronavirus pandemiyası İkinci dünya müharibəsindən bəri ən yüksək ömür azalmasına səbəb olub. Kişilərdə azalma qadınlara nisbətən daha çoxdu, daha çox amerikalılar zərər görüblər - orada ömür davamlılığı iki ildən çox azalıb. Pandemiya bir çox ölkələrdə son illərdə əldə edilən inkişafı heçə endirib.
Moderator.az xəbər verir ki, bu sətirlər “International Journal of Epidemiology” nəşrində dərc olunan məqalədəndir. Müəlliflər bildirir ki, insanlar nəinki xəstəliyin özündən, həm də dolayı amillərdən, məsələn, tibbi yardımın əlçatmazlığından əziyyət çəkirlər.
Ömür müəyyən bir ildə doğulan insanların ölüm nisbətinin doğulduqları ilə eyni səviyyədə qaldıqları təqdirdə yaşadıqları illərin orta sayını əks etdirən bir göstəricidir. Bu məlumatlar fərdlər üçün proqnoz kimi şərh edilməməlidir, lakin ümumilikdə cəmiyyətdəki ölüm və ömür dəyişikliyini yaxşı əks etdirir.
COVID-19 pandemiyasından əvvəl dünyanın əksər ölkələrində orta ömür durmadan artırdı, XX əsrin sonlarından etibarən isə qocalalar arasında ölüm getdikcə azalırdı. Son on ildə artım tempi bəzi Şərqi Avropa ölkələrində sürətlə artdı, ABŞ və Böyük Britaniyada isə artım templəri azalmağa başladı.
Pandemiya yalnız COVID-19 ilə birbaşa xəstələnənlərin deyil, bir çox digər insanların sağlamlığına təsir edərək, səhiyyə sistemlərini həddən artıq yükləyərək tibbi xidmət almağı çətinləşdirdi və ümumiyyətlə, stresli bir mühitə səbəb oldu. Leverhulm adına Oksford Demoqrafik Elmlər Mərkəzinin tədqiqatçıları pandemiyanın ömür davamlılığında hansı nəticələrə səbəb olduğunu öyrənmək qərarına gəliblər. Alimlərin gəldiyi qənaətlər “International Journal of Epidemiology” nəşrində dərc olunub.
Tədqiqatçılar əksəriyyəti Avropa olmaqla 29 ölkədən, həmçinin Çili və ABŞ-dan demoqrafik məlumatlar toplayıblar. Pandemiya zamanı baş verən dəyişiklikləri 2015-2019-cu illərdəki qiymətləndirmələrin nəticələri ilə müqayisə ediblər.
Təhlil olunan 27 ölkədə 2020-ci ildə ömür davamlılığı azalıb və bu dəyişikliklərin miqyası o qədər genişdir ki, ölümlə mübarizədə uzun illər əldə olunan nailiyyətləri heçə endirib.
2015-ci ildə 15 ölkədə tüğyan edən qrip epidemiyası da ömür davamlılığına təsir etmişdi. Ancaq bu ölkələrin 10-da COVID-19 pandemiyası qripdən daha çox ömür azalmasına səbəb olub.
“İspaniya, Böyük Britaniya, İtaliya, Belçika və digər Qərbi Avropa ölkələrində ömür davamlılığında sonuncu dəfə bu qədər nəzərəçarpan azalma İkinci dünya müharibəsi dövründə müşahidə edilmişdi”, - deyən müəlliflərdən biri olan Xose Manuel Aburto daha sonra bunları əlavə edib: “Araşdırdığımız ölkələrdən 22-də ömrün azalması yarım il ərzində baş verib. Səkkiz ölkədə qadınlar və 11 ölkədə kişilər üçün ömrün davamlılığı bir il azalıb. Müqayisə üçün bildirim ki, 2020-ci ildə pandemiyanın çökdürdüyü inkişafı bərpa etmək və bu ölkələrin ömür davamlılığını bir il artırmaq üçün orta hesabla 5,6 il lazımdır”.
Əksər ölkələrdə ömür davamlılığının azalması kişilərdə qadınlara nisbətən daha çoxdur. Kişilər arasında ən böyük azalma ABŞ-da müşahidə edilib, burada bu göstərici 2019-cu illə müqayisədə 2,2 il təşkil edir, onların ardınca isə Litva sakinləri gəlir - 1,7 il.
Vaxtında görülən tədbirlər və inkişaf etmiş səhiyyə sistemi sayəsində Danimarka, Norveç və Finlandiyada ömrün davamlılığının azalmasının qarşısı alınıb.
“Amerika Birləşmiş Ştatlarında müşahidə edilən ömür davamlılığının əhəmiyyətli dərəcədə azalmasını müəyyən qədər 2020-ci ildə qeydə alınan əmək qabiliyyətli insanlar arasındakı ölüm nisbətinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirə bilərik”, - deyən araşdırmanın həmmüəllifi Dr. Ridhi Kaşyap daha sonra əlavə edib: “ABŞ-da 60 yaşdan aşağıdaki ölüm nisbətinin artması ömrün davamlılığının azalmasına ən çox təsir göstərib, əksər Avropa ölkələrində isə 60 yaşdan yuxarıdakı ölüm artımı daha nəzərəçarpan “töhfə” verib”.
Araşdırmaçılar COVID-19-dan ölüm nisbətinin kişilərdə qadınlarla müqayisədə daha çox və ölüm göstəricilərinin yaşlı insanlar arasında daha yüksək olduğunu bildirir və məhz bu göstəricilərin son illərdə ölüm sayının azalmasını təmin etdiyini söyləyirlər. Pandemiya digər səbəblər üzündən də ölümlərə dolayı yolla təsir edib - həkim çatışmazlığı və xəstələrin xəstəxanalara getmək qorxusu səbəbindən xərçəng və ürək-damar xəstəliklərindən ölüm artıb.
Araşdırmanın müəllifləri ölüm və onun səbəbləri haqqında kifayət qədər ətraflı məlumat olmadığına görə bir çox ölkələrin təhlillərə daxil edə bilmədiklərini qeyd ediblər. Tədqiqatçılar vurğulayırlar ki, bu məlumatlar pandemiyanın təsirini tam başa düşmək üçün vacibdir. Müəlliflər ölüm hallarını daha dəqiq araşdırmağı tələb edirlər - bu, təkcə müxtəlif ölkələrdə deyil, eyni ölkədəki fərqli yaş qruplarında da vəziyyəti qiymətləndirməyə imkan verəcəkdir.
Miraslan