Dekabrın 25-də “Borçalı” Cəmiyyətin təşkilatçılığı ilə “Xudafərin” şadlıq saryında “Gürcüstan türklərinin həmrəyliyi günü” qeyd olunacaq.
Moderator.az-a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin
tədbirin əhəmiyyətindən danışıb:
“Həmrəylik, vətəndaş həmrəyliyi, xalq həmrəyliyi,
etnik həmrəylik tarixdən üzü bu yana ən sivil cəmiyyətlərdə də aktuallığını itirməməkdədir.
Bütün inanc qruplarında,
səmavi düşüncədə də insanlar, toplum birliyə, həmrəyliyə çağırılır. Həmrəylik həm
də bəşəri mahiyyət daşımaqdadır. Bu bölgədə etnik və dini dözümsüzlük problemləri
mövcuddur ki, bu da dinlərin, etnosların, mədəniyyətlərin birgə yaşayışını təhdid
etməklə, bölgədə güvənli yaşamanı şübhə altına alır. Gürcüstan və Azərbaycan məhz bu təhlükələrlə üz-üzədir.
Hər iki dövlət bu səbəbdən sivil dünyaya inteqrasiya edə bilmir. Gürcüstanda tarixən türklər yaşamış və
yaşamaqdadır. Tarix üzərində siyasi spekulyasiyalar yapmaq bizim iş deyil.
Böyük siyasi güclər əsasən fərqliliklər arasında problemlərin qalmasında maraqlı tərəf
rolunda çıxış edirlər. Bu, onların öz maraqlarını həyata keçirmək üçün münbit şərait
yaradır. Gürcüstanda əsasən axıska və borçalı türkləri yaşamaqdadırlar. Axıska
türkləri Stalin sürgününə məruz qalmaqla 250 min nəfər 1946-cı ildə bir neçə
günün içərisində Orta Asiyaya sürgün edildi. Borçalı türklərinin sayı isə beş
yüz min civarındadır. 10 il bundan əvvəlki rəsmi siyahıyaalmaya görə 300 min
göstərilib. 4 iri rayon mərkəzi və 200 sayda kənddə məskunlaşmışlar.
Tbilisi, Rustavi, Batumi, Qori, Kutaisi,
Telavi, Msxeta, Kaspi, Kareli kimi iri şəhərlərdə də soydaşlarımız
yaşamaqdadırlar. Strateji
anlamda Gürcüstan və Azərbaycanı birləşdirən məqamlara önəm veririk. Bu iki zəngin
mədəniyyətin birgəyaşayışını bu bölgənin gözəl gələcəyinin qarantı kimi
qavramaqdayıq. Təsadüfi deyil ki, "Borçalı" Cəmiyyətinin əsas
simvollarından biri Azərbaycan-Gürcüstan-Azərbaycan bayraqlarının yan-yana
düzülməsi və "Güc birlikdədir" şüarıdır. Yəni çox aydın bir
formada həm də Gürcüstanda Azərbaycan türkləri ilə gürcü və digər azlıqlarla
qarşılıqlı inteqrasiyasında maraqlıyıq və bu istiqamətdə layihələr həyata
keçirməkdəyik. Amma milli azlıqlar problemi dünyada aktual və həssas problem
olaraq beynəlxalq hüquqda özünəməxsus hüquqi bazaya və mexanizmlərə malikdir.
Gürcüstan polietnik dövlətdir. Hər bir toplumun özünü təqdim və təsdiq etmə vasitələri, milli bayram və təqvim
proqramları mövcuddur. Hər ilin müxtəlif tarixlərində istər gürcü, istərsə
svan, meqrel, osetin, acar, abxaz, erməni, aysori, yunanlar müxtəlif adlar
altında kütləvi törənlər təşkil edirlər. Bu tədbirlər ortaq uzlaşan maraqların,
dövlətçilik şüurunun formalaşmasını stimullaşdırmaqla, polietnik zonada
subyektlərin öz adət-ənənələrini qorumasına yardım etməkdədir. Borçalı türklərinin
bu anlamda müəyyən boşluqlarının olduğu qənaətim var. Onlar daha çox Azərbaycan təqviminə
uyğun davranmağa önəm veriblər ki, bu da onların Gürcüstan cəmiyyətinə inteqrasiyasını
müəyyən mənada əngəlləməkdədir. Təşkilatlanmamış, hədəfləri qeyri müəyyən olan
toplumlar dayanıqlı olmamaqla, həm də yadların öz niyyətlərini həyata keçirmək
üçün vasitəyə çevrilirlər. Borçalı türklərinin sadaladığımız prinsiplər ətrafında
həmrəyliyi Gürcüstanın və Azərbaycanın milli maraqlarının təmini üçün münbit şərait
yaratmaqla, icma olaraq onların Gürcüstanın quruculuğunda daha səliqəli
davranış sərgiləmələrinə şərait yaratmış olur.
Bu isə iki dövlət, iki mədəniyyət arası daha dayanıqlı körpü deməkdir.
Bu həm də Gürcüstanla həmrəyliyin möhkəmlənməsi deməkdir. Artıq Borçalı türklərinin təqviminə 2 tarix -26 iyul
"borçalı türklərinin elat mədəniyyəti
günü" və 25 dekabr "Gürcüstan türklərinin həmrəylik günü" kimi ənənə
halını almış tarixi günlər daxil olub.”