“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
Araşdırma
12034
18 Jan 2021 | 15:26

“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”

1990-1991-ci illərdə Xızı rayon partiya komitəsinin 1-ci katibi, 1991-1992-ci illərdə həmin rayonun İcra Hakimiyyyəti başçısı vəzifələrində çalışmış tanınmış ictimai xadim, Milli Məclisin sabiq deputatı Maksim Musayev Moderator.az-a  31-ci ildönümü ərəfəsində olduğumuz 20 Yanvar qətliamından sonra ərazisində 7 hərbi hissə olduğu rayon əhalisinin sovet-rus ordusuna qarşı etirazları, həmin hərbi hissələrin komandir və zabitlərinin yerli rəhbərliyə qarşı münasibətindən və s. bəhs edən sənədli bir material təqdim edib. Aktuallığını nəzərə alaraq həmin məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
Sovet-rus ordusunu Azərbaycandan kim çıxardı? 
Bu suala hər kəs düşündüyü və bildiyi kimi cavab verə bilər. Ancaq mən bu sualı şahidi olduğum konkret olaylar və sənədlər əsasında cavablandırmağa çalışacam...  

Sovet İttifaqı dövründə işlədiyim Xızı rayonu ərazisi paytaxt Bakıya bitişik olduğu üçün burada müxtəlif tipli 7 hərbi hissə var idi. Respublikada bəlkə də bu qədər sayca çox hərbi hissə və hərbçilərin olduğu rayon yox idi. Ona görə də sovet hərbçilərinin bütün rütbəli zabit və əsgərləri ilə daim təmasda olur və xoş münasibətlər yaratmağa çalışırdıq. Həm də ona görə ki, zabit heyyətindən bir neçə kommunist rayon partiya komitəsi plenumunun üzvü və yerli sovetlərin deputatları seçilmişdilər. Seçkilər zamanı da (referendum, prezident, Milli Məclisə deputatlığın seçkisində) əsgər və zabitlərin səsvermələri vacib idi. Beləliklə də rayonun ictimai həyatında, kommunukasiya məsələlərində, ərazilərdəki torpaq sahələrinin (hərbi təlimlər keçirmək üçün) istifadə edilməsi ilə əlaqədar hər gün görüşlərimiz olurdu. Hətta elə hərbi təlimlər olurdu ki, biz də bu işlərə qoşulub, əraziləri bütün canlı qüvvədən təmizləyirdik ki, xoşagəlməz hadisələr olmasın (tapşırıq bizlərə belə idi)... 

Bir faktı qeyd eləmək istərdim. Rayonun Qazımkənd kəndi zonasında 22 min hektar  (əvvəllər 30 min hektar olubmuş) əraziyə çobanların, qoyun sürüləri və bütün növ nəqliyyat vasitələrinin hərəkətlərinin dayandırılmasının məsuliyyəti rayon rəhbərliyinin üzərində idi. Çünki həmin ərazidə xeyli tank, yüzlərlə top, avtomaşın və tikinti, bina maketləri var idi ki, təyyarələr üçün onlar hədəf idilər. Yeri gəlmişkən onu da qeyd edim ki, hərbçiləri sıxışdırmaq məqsədi ilə 22 min hektarın 7 minini respublika rəhbərliyi qışlaq sahəsi kimi Qusar rayonu təsərrüfatlarına (əsasən də Kuybışev sovxozuna) verdi və qusarlılar da qısa bir zamanda orada binalar tikdilər. Bu qərar hərbi hissə rəhbərlərinin ciddi narazılıqlarına səbəb oldu. Hətta Sovet ordusu Baş Qərargahına hərbi təlimlərin sıxışdırılması barədə respublika rəhbərlərindən şikayət də (əsasən Nazirlər Sovetindən)  verildi. Hərbçilərin bununla əlaqədar mənə də soyuqluq göstərdikləri açıq hiss edilirdi... 

Bəzi vaxtlarda hərbi təlimlər keçirilən ərazilərə məni də dəvət edirdilər. Bu zaman orada gördüklərim məni həm təəccübləndirir, həm də dəhşətə gətirirdi. Həmin 22 min hektar sahəyə onilliklər ərzində təyyarə və artilleriya qurğularından o qədər bombalar atmışdılar ki, torpağın üst qatı məhv olmuş (həm dağılıb, həm də yanmışdı) və dərin çökəklər əmələ gəlmişdi. Torpaq qatının bərpası-rekultivasiyası, demək olar ki, qeyri-mümkün vəziyyətə düşmüşdü. Yerin üzərində o qədər metal və bomba qırıqları, gilizlər və digər hərbi tullantılar  var idi ki, ayaq qoyub yerimək mümkün deyildi(gördüklərimi təsvir etməkdə çətinlik çəkirəm)...

Ordu çıxandan sonra ərazini hərbi tullantılardan təmizləyib istifadə üçün yararlı hala salmağa çalışsaq da, mümkün olmadı. Ona görə də kömək üçün yuxarı orqanlara müraciət etdik. Onlar da çətinliklərlə üzləşdilər, hətta qonşu respublikalara da müraciət etdilər. Çünki milyonlarla ton metal tullantılarının öhdəsindən gəlmək qeyri-mümkün idi. Yalnız Gürcüstandan bəzi sahibkarlar gəldilər və aylarla özlərinə sərfəli olan tullantıları daşımağa başladılar (mis, aluminüm və digər qiymətli metalları)....Yəgin ki həmin ərazi indi də sovet-rus hərbçilərinin zibillərindən tam təmizlənməyib... 

Minlərlə hektar münbit torpaq sahələri sıradan çıxmışdı (bu ərazi əsasən Bakı-Sumqayıt yolundan Altıağaca köhnə-dağ yoluna gedən ərazini əhatə edir). Bax, bu idi sovet ordusunun bizlərə göstərdiyi “diqqət-qayğısı”... 

Rayonun Sitalçay ərazisində dağlıq yerdə bir hərbi hissə var idi. Orada heç zaman olmamışdım və dəvət də eləmirdilər (kənardan yalnız xırda evciklər görünürdü). Bir gün axşamçağı zəng elədilər ki, Azərbaycanın Rabitə naziri Şamil Musayev sizin rayona gələcək, respublika rəhbərliyinin ona verdiyi tapşırığı birlikdə yerində həll edərsiniz. Naziri yaxından tanımırdım, gəldi və mənə dedi ki, getməliyik “filan” hərbi hissəyə. Bildirdim ki, orada olmamışam və bilmirəm nə ilə məşğuldurlar. O, narazılıq etdi ki, rayon rəhbərisiniz, bunları bilməli idiniz. Cavab verdim ki, Sizdə Rabitə nazirisiniz, bunları məndən əvvəl sizlər bilməli idiniz.... Xülasə, getdik həmin hərbi hissəyə, ancaq bizi buraxmadılar. Nazir mühafizəçi əsgərlərə onun və mənim kim olduğumuzu bildirsə də, əsgərlər deyilənlərə məhəl qoymadılar. Şamil Musayev əsəbiləşib dedi: “...Belə də  iş olar, öz respublikamda, öz torpağımda bizlərə qadağalar qoyurlar. İstəyirdim, hərbi hissəyə baxandan sonra verilən tapşırığı rayon rəhbəri kimi sizə bildirim, ancaq indi deyəcəyəm. Ayaz Mütəllibov Moskvadan razılıq alıb ki, bu hərbi hissə Azərbaycana verilsin, rabitə yönümlüdür...” Çətinliklə içəriyə girə bildik və vəziyyətlə tanış olduqdan sonra nazir  hərbi hissənin balansa götürməyin çətinliyini hiss edərək Bakı ilə əlaqə saxlayıb məruzə elədi. Həqiqətən də xırda bir nazirlik belə bir nəhəng rabitə yönümlü hərbiləşmiş sahənin öhdəsindən gələ bilməzdi. Lakin sonradan özəlləşdirildi. Orada ikən bizə bildirdilər ki, bu hərbi hissə Şamaxıdakı bunkerlə Sitalçay arasındakı yeraltı kabel xəttini çəkir və işin artıq planlaşdırılan 80%-i yerinə yetirilibdir. Rayonda yerləşən bu hərbi hissənin müqəddəratı da belə həll olundu...

Digər bir hərbi hissə və onun yola salınması barədə yazmalı olacağam. Xüsusən 20 Yanvar qətliamından sonra  Xızıda yerli əhali artıq sovet hərbi hissələrinin ərazidə yerləşmələrinə olduqca pis baxırdılar. Sovet əsgəri və zabit paltarlarında olanlara da açıq-aşkar nifrət edirdilər. Vəziyyət o həddə çatmışdı ki, əliyalın vətəndaşların sovet silahlılarına hücumları ara vermirdi. İş saatlarımızın bəzən ən çox vaxtı bu məsələlərə həsr edilirdi. Hərbi hissə komandirlərinin ünvanıma yazdıqları məktub və ərizələrə bir çox hallarda cavab verə bilmirdik. Bu günlərdə arxiv sənədlərimi səhmana salarkən Sitalçayda yerləşən 29115 saylı hərbi hissənin komandiri-polkovnik V.Lipatovun 10 may 1991-ci ildə ünvanıma yazdığı ərizəyə rast gəldim... 
 
 
Belə sənədlər çox olduğundan əsəsən arxivə göndərirdim. Sənədin sürətini bu yazıya (rus variantı) daxil etməklə məzmunu barədə qısaca yazmalı olacağam: “....9 may 1991-ci ilin 22.00-22.30 saatlarında bir qrup vətəndaş hasardan tullanaraq 15-20 nəfər soyuq silah vasitəsi ilə hərbiçilərlə münaqişə yaratmağa çalışdı. Məqsədləri dava salmaq idi... Biz avtomatlarla havaya atəş açarkən onlar bıçaq, daş, armatur ataraq 4 əsgəri yaraladılar... Xuliqanlıq edənlər Azərbaycan xalqı ilə Sovet ordusunu qarşı-qarşıya qoyurlar.... Siz rayon rəhbəri kimi tədbir görməlisiniz. Azərbaycan Prezidentinə şikayət edəcəyik”. ...Xülasə bir müddətdən sonra 29115 saylı sovet hərbi hissəsi öz fəaliyyətini dayandırdı və başqa cürə də ola bilməzdi (məsələ yetişmişdi). Çünki yadellli ordunun Azərbaycanda olmasını millət qəbul edə bilmirdi. Hərbi hissəyə hücum istər rayon, istərsə də respublika rəhbərliyi tərəfindən xüsusi olaraq planlaşdırılmış və təşkil edilərək həyata keçirilməmişdi. Bu etirazlar bir qrup kənd camaatının nifrəti fonunda birdən-birə yaranmışdı. Bunu hərbi hissənin komandir heyətinin araşdırmaları da təsdiq elədi. Həm də təsdiq oldu ki, sovet ordusunun burada qalması qeyri-mümkündür. Onu da deməliyəm ki, yalnız kənd camaatı deyil, rayon məmurları da sovet hərbi hissələrinə pis münasibət bəsləyir və daim əsgərlərin hərəkətlərini izləyirdilər... 

(Davamı var)

Hazırladı: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər