Azərbaycanın ən qədim sivilizasiya beşiyi: Azıx mağarası
Azərbaycanın ən qədim sivilizasiya beşiyi olan Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların doğuluş və yaşam həqiqətlərini özündə ehtiva edən yüzlərlə tarixi abidələrimiz vardır. Bu abidələrdən biri də Azərbaycanın ən qədim yaşayış mərkəzi olan Quruçay sivilizasiya mədəniyyət kompleksi və Azıx mağarasıdır. Dünya miqyasında qədimliyinə görə bir neçə yaşayış mərkəzləri sırasında yer alan Azıx mağarası xalqımızın maddi-mənəvi mədəniyyət kompleksi olmaqla bərabər, həm də qədim mənəviyyat simvolu, mədəniyyətimizin ilk beşiyidir.
Azıx mağarası 1960-cı ildə Azərbaycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən kəşf edilmişdir. 1968-ci
ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi
olaraq bu yaşayış məskənindən 350-400 min illik tarixi olan bir insanın alt çənə
sümüyü aşkar edildi. Arxeoloqlar onun 18 yaşlı bir qadına məxsus olduğu qənaətinə
gəlmişlər. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasında araşdırmalar
daha da geniş vüsət aldı. Çox keçmədən mağarada Paleolit dövrünə və Mezolit
dövrünə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Aparılan tədqiqatlar
nəticəsində bu əmək alətlərinin 1-1.5 milyon il əvvələ aid olduğu sübut olundu.
Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə
görə dünyada dördüncü tapıntıdır. Ondan əvvəlki dövrlərə aid edilən bu növ
arxeoloji tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt
kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında
Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik
Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Xocavənd rayonunun Azıx və
Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km məsafədə olan Quruçay ərazisində
yerləşdiyi üçün bu qədim yaşayış kompleksi "Quruçay mədəniyyəti"
adlandırılır.
Bəzi mütəxəssislərin elmi fikirlərinə görə, ayı bu mağara sakinləri üçün müqəddəs hesab olunduğu üçün, mağaranın adı da bununla əlaqələndirilmiş, qədim türk dillərində "azıx" - "ayı" adı verilmişdir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1993-cü ildən etibarən, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi ərazi erməni faşistləri tərəfindən işğal olunmuş, bu işğal faktından istifadə edən ermənilər Azərbaycanın bu mədəniyyət mərkəzində arxeoloji və mədəni saxtakarlıq həyata keçirərək erməniləşdirmə təşəbbüslərinə cəhd etmişlər. İşğaldan
sonra Azərbaycan alimlərinin bu mağarada apardığı tədqiqatların qarşısına sədd
çəkən ermənilər, hətta Avropa ölkələrindən arxeoloqlar dəvət edərək bu yaşayış
məskəninin erməni ünsürlərinə aid olduğunu sübut etməyə çalışmışlar. Bununla da
azərbaycanlıların ən qədim yerli etnos olma haqqına şərik çıxaraq, ermənilərin
Cənubi Qafqazın guya qədim yerli etnos olduğunu sübut etməyə çalışmışlar.
Qeyd olunduğu kimi, 1999-2001-ci illərdə Azıx mağarasında, ermənilər tərəfindən qanunsuz olaraq həyata keçirilən bu qazıntılara xarici ölkə alimləri də cəlb olunmuşdur. Qanunsuz
qazıntılara ermənilər tərəfindən Ermənistan Milli Elmlər Akademiyasının əməkdaşı
Levon Yepiskopyan rəhbərlik etmiş, Avropa ölkələrindən isə Britaniya Təbiət
Tarixi Muzeyinin əməkdaşı Piter Endryus bu layihənin elmi məsləhətçisi,
İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı
Yolanda Fernandez-Xalvo, Patrisiyo Dominqes və İzabella Torres, İrlandiyadan isə
Con Myurri və digər şəxslər isə bu qazıntılarda iştirak etmişdir.
Təəssüf hissi ilə qeyd edək ki, Azıx mağarasında qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyə yardımın da Avropa fondları ayırmışdır. Bu
qanunsuz qazıntılara British Airways/British Mediterranean Airways, London
Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu,
İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society böyük maliyyə dəstəyi
ayırmışdır.
Ermənilər öz xarici elmi havadarları ilə birlikdə Azıx mağarasında bu arxeoloji tədqiqatları sonrakı illərdə də davam etdirərək, hətta 2016-cı ildə “Azokh Cave and the Transcaucasian Corridor – 2016” (“Azıx mağarası və Transqafqaz dəhlizi - 2016”) adlı kitabın çap olunmasına nail olmuşlar. Nəşr
olunan bu kitabda Azıx mağarasında tapılmış bütün arxeoloji maddi və mənəvi mədəniyyət
nümunələri saxtalaşdıraraq erməniləşdirilmiş, bu sivilizasiya dünyaya erməni mədəni
yaşayış kompleksi kimi təqdim olunmuşdur.
Erməni alimi Ş.Mkrtçyan Qarabağın tarixi memarlıq abidələrinə həsr etdiyi əsərində qeyd edir ki, guya Azıx mağarasında Aşel dövrünə aid erməni qadınının heykəli var və onun hətta paltarı da müasir erməni qadınlarının paltarına bənzəyir.
Arxeoloq - alim, professor Əsədulla Cəfərov isə Azərbaycanın arxeoloji abidələrinə həsr etdiyi əsərində erməni aliminin bu fikrlərinin elmi cəfəngiyyat adlandıraraq yazır: "Bu fikir heç bir elmi əsası olmayan cəfəngiyyat olmaqla bərabər, tarixin əsassız olaraq saxtalaşdırılmasıdır. Belə
bir fikir söyləməklə Ş.Mkrtçyan erməni xalqının tarixini Aşel dövründə (550-350
min il bundan əvvəl) axtarmağa can atır. Birincisi, Azıx qədim insan düşərgəsində
qadına bənzər heykəl yoxdur. Ş.Mkrtçyanın heykəl adlandırdığı isə mağarada olan
stalaqnat dirəklərdən biridir. Azıx düşərgəsinin ikinci ən böyük salonunda olan
nəhəng stalaqnat dirək əhəngli suyun qarışığından, təbii yolla təxminən 2
milyon il bundan əvvəl əmələ gəlib. Bütün təbii karst mağaralarında belə dirəklərə
və ayrı - ayrı stalaqnat daşlara rast gəlinir. Azıx düşərgəsinin ayrı - ayrı
salonlarında belə dirəklər daha çoxdur. İkincisi, Aşel dövründə heç bir yerdə
müasir insanın əcdadı yaşamayıb. Bu dövrdə ancaq pitikantrop, sinantrop tipli
ibtidai adamlar yaşayıb, heç bir millət və xalq olmayıb".
Dəfələrlə Azərbaycanın müvafiq rəsmi qurumları tərəfindən beynəlxalq təşkilatların kürsülərindən ermənilərin bu qanunsuz əməllərinə qarşı ciddi etirazlar olunsa da ermənilər öz riyakar əməllərini davam etdirmişlər. Hətta
2016-cı ilin noyabrında Azərbaycanın Xarici İşlər Nazirliyi Azıx mağarasında tədqiqatlar
aparan arxeoloqlar qrupunu, Qarabağ bölgəsinə qanunsuz daxil olduqları üçün “qara
siyahı”ya daxil etmişdir.
2016-ci ilin 28 noyabr tarixində Azərbaycan Xarici
İşlər Nazirliyi rəsmi şəkildə bəyan edib ki, “Bu kimi qanunsuz fəaliyyətlərinə
görə İspaniyanın Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda
Fernandez-Xalvo, Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və
Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryusun adları “Azərbaycan
Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin
siyahısı”na daxil edilib. Həmçinin Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər
də nəzərdən keçirilir".
Qeyd edək ki, Azıx mağarasında aparılan bu qanunsuz
tədqiqatlara qarşı Azərbaycanın müvafiq elmi qurumları da hərəkətə keçmiş, istər
beynəlxalq səviyyədə, istərsə də regional səviyyədə mövcud elmi sübutlar əsasında
ermənilərin və onların havadarlarının bu qanunsuz əməllərini ifşa etmişlər. 2002-ci
ildə Beynəlxalq “İNTAS-2000” proqramına uyğun olaraq, Avropa ölkələrindən 22
görkəmli alim başda professor Henri dö Lümley olmaqla Bakıya gəlmiş, çoxtəbəqəli
Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları
ilə tanış olaraq, bu tapıntıların dünya
arxeologiya, paleoantologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti
olduğunu yekdilliklə qəbul etmişlər.
Bu işlərin davamı olaraq 2018-ci ilin oktyabr ayında AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Ondan
çox xarici ölkənin və beynəlxalq elmi qurumun təmsil olunduğu konfransda fakt və
maddi-mənəvi sübutlarla bir daha bu qədim sivilizasiyanın Azərbaycana məxsus
olduğu təsdiq olunmuşdur.
Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində Qarabağ
bölgəsində erməni işğalçılarına qarşı başlatdığı əks-həmlə əməliyyatı erməni
simasızlığını və vəhşiliyini bir daha üzə çıxartdı. Bu dəfə işğalçı faşistlər
Azərbaycanın qədim mədəniyyət mərkəzini silah-sursat anbarına çevirdilər. Bu
addımları ilə erməni ünsürləri dünyaya erməni sivilizasiyası kimi təqdim etməyə
çalışdıqları “erməni mağarasını” məhv olmaq təhlükəsi ilə üz-üzə qoymaqdan belə
çəkinmədilər. Bu davranış ermənilərin nə qədər vandal və barbar bir xalq
olduğunun əyani sübutudur.
Məlumdur ki, dövlətimizin ən qürurverici bayramlarından biri olan 9 noyabr Bayraq Günündə Azərbaycanın qədim sivilizasiyasının beşiyi olan Azıx mağarası şanlı Azərbaycan Ordusu tərəfindən düşmən əsirliyindən azad olundu və mədəniyyət mərkəzinə üçrəngli bayrağımız sancıldı. Bununla
da uzun illər boyu erməni ünsürlərinin və onların elmi havadarlarının Quruçay mədəniyyət
kompleksində, Azıx mağarasında apardığı qanunsuz, saxta tədqiqatlar, bu tədqiqatlar
nəticəsində nəşr olunan yüzlərlə elmi əsərlər tarixin arxivinə gömüldü.
Təəssüflər olsun ki, 30 illik erməni işğalı Azıx mağarasında daha geniş elmi tədqiqatlar aparmağa imkan vermədi. Artıq
kompleks halda Quruçay mədəniyyətinin öyrənilməsi istiqamətində tədqiqat işləri
davam edəcəkdir.
Digər tərəfdən Azıx adamı və Azıx etnosunun
yaranması, formalaşması, Azərbaycan və Qafqaz ərazisində yayılıb müstəqil
etnosa çevrilməsi, Avro-Asiya miqrasiya axınlarında bu etnosun oynadığı rol,
müxtəlif antropoloji strukturlarla çarpazlaşması, öz müstəqil insan tipi
formasını qoruyub saxlaması, eləcə də erkən demoqrafik proseslərin spesifikasının
açıqlanması və s. digər problemlər də öz elmi problematik həllini gözləyən məsələlərdəndir.
Bu problemlərin elmi tədqiqata cəlb edilməsi Cənubi Qafqazda, xüsusilə
Qarabağda yaranan yeni insan tipinin antropoloji strukturunun dürüstləşdirilməsinə,
təbii ki, yeni imkanlar açacaqdır. Eyni zamanda Quruçay mədəniyyətinin dərindən
öyrənilməsi, Azərbaycan dövlətçilik tarixinin qədim dövrdən başlayaraq ardıcıl və davamlı
inkişaf mərhələlərinin daha dolğun və hərtərəfli öyrənilməsinə imkan
yaradacaqdır.
Dünya sivilizasiyasının nadir tapıntılarından biri olan Azıx adamının dünya miqyasında öz hüquqlarının bərpası üçün, Azərbaycanın bu tarixi-mədəni irsinin - azıxantropun YUNESKO-nun qorunan maddi mədəni irsi siyahısına daxil edilməsinə nail olunmalıdır.
Mübariz Ağalarlı
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti









