“Üzeyir bəy Ermənistan rəhbərini azərbaycanlıların bəzi problemlərinin həllinə vadar etdi...”
3927
18 Sep 2020 | 19:10

“Üzeyir bəy Ermənistan rəhbərini azərbaycanlıların bəzi problemlərinin həllinə vadar etdi...”

Bu gün – 18 sentyabr Milli Musiqi günü Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Lakin  məlum olduğu kimi, Üzeyir bəy yalnız dahi musiqiçi, bəstəkar yox, eyni zamanda gənclik illərindən həyatını xalqının azadlığı, müstəqil dövlət quruculuğu, xoşbəxt gələcəyi naminə mümkün mübarizə üsullarına həsr etmiş ictimai siyasi xadim olub. Bu yolda o, jurnalist, nasir, hətta yeri gələndə nasir kimi fəaliyyət göstərib. 

Azərbaycanın bu nəhəng şəxsiyyətinin II Cahan savaşı illərində  “Ermənistan” adlı oyuncaq respublika qondarılmış  Qərbi Azərbaycandakı soydaşlarımızın problemlərinin həlli üçün də çalışması barədə maraqlı və ibrətamiz məlumatı Moderator.az-a atası rəhmətlik Talıb Musayev sovet dövründə Ermənistan Ali Sovet sədrinin müavini vəzifəsinə qədər yüksəlmiş tanınmış ictimai-siyasi xadim, sabiq deputat Maksim Musayev nəql edib.
 
“Məlum olduğu kimi, ermənilər hətta II Dünya  müharibəsi  illərində də Ermənistandakı tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı mümkün repressiv davranışlara əl atıblar. Atam Talıb Musayev 1939-1940-cı illərdə  o vaxt Basarkeçər rayonu icraiyyə komitəsinin sədri kimi həmin rayondan Kəlbəcər rayonuna hərbi yol  çəkilməsinə rəhbərlik edərkən aktiv fəaliyyətinə görə onu II Cahan müharibəsi zamanı  İrəvan ətrafı ərazilərin öncədən müdafiəsi ilə bağlı tədbirlərin görünməsi üçün Qarabağlar rayonuna 1-ci katib vəzifəsinə göndəriblər.  Diqqət edin ki, Türkiyə ilə sərhəd olduğu üçün bu məsələ əsasən azərbaycanlılara tapşırılıb...”  

Sabiq deputatın söhbətindən daha sonra bəlli olur ki,  icra etdiyi tapşırıqla əlaqədar atası Talıb Musayev 1942-ci ilin iyun ayında bir müddət İrəvandakı “İnturist” mehmanxanasında  yaşamalı olub.  Bir gün  Talıb müəllim qonşu eyvanda samovar yandırıldığını, stəkan-nəlbəki səsi gəldiyini və Azərbaycan dilində danışıqlar eşidildiyini duyub.  Mehmanxananın komendantından öyrənib ki, orada yaşayan  Üzeyir Hacıbəyovdur; o,  “Koroğlu operası”nın ermənicə tamaşasının hazırlanması üçün buradadır. Komendantdan Üzeyir bəylə görüşünü təşkil etməsini xahiş edib. Elə olub ki, Üzeyir Hacıbəyov da mehmanxanada tanımış partiya fəalı, rayon rəhbəri olan azərbaycanlının yaşadığını bilib və özü Talıb müəllimi otağına dəvət edib.  Tanışlıqdan sonra Üzeyir bəy ona deyib: 

“Sabah mənim Ermənistanın 1-ci katibi Arutyunovla  görüşüm olacaq. Ermənistanda yaşayan azərbaycanlıların xeyli problemləri var. Sən rayon rəhbəri kimi əsas problemləri mənə söylə, 1-ci katibə çatdırım, həll etsin. Mən istəyirəm ki, bu görüş yalnız “Koroğlu” operasının ermənicə qoyulmasına həsr olunmasın.  Eyni zamanda soydaşlarımızın problemlərinin həlli ilə bağlı da bir iş görüm...” 

Talıb Musayev öncədən Üzeyir bəyə təşəkkür edərək cavab verib ki,  yaxşı, mən problemləri sizə çatdıracam, siz də, zəhmət olmasa, Arutyunova çatdırarsız.  Dahi bəstəkar bir daha təkid edib ki, heç bir tərif-filan lazım deyil, yalnız Ermənistandakı azərbaycanlıların problemlərindən, çatışmazlıqlarından danışın...  

Xülasə, Talıb müəllim başlayıb probelmləri sadalamağa. Öncə müharibəyə göndərilənlərin çoxunun azərbaycanlı olduğunu Üzeyir bəyin diqqətinə çatdıraraq bildirib ki, soydaşlarımızı xəstə, zəif, hərbi döyüşə uyğun olub-olmamasına baxmadan  ön cəbhəyə yollayırlar. Lap zəif, xəstələri də arxa cəbhədə saxlayıb tikinti kalonlarına  göndərirlər. Bu da xalq arasında çox narazılığa səbəb olur.  İkinci problem odur ki, çörək kartlarını azərbaycanlı ailələrinə az verirlər. Ermənilərlə müqayisədə bizim ailələrdə uşaq sayının çox olması nəzərə alınmır.  Məsələn, 4 nəfərlik erməni ailəsinə də 4 kart verirlər, 8 nəfərik Azərbaycan ailəsinə də. Bu da aclığın yaranmasına və nəticədə soydaşlarımız arasında xəstəliklərin də çoxalmasına səbəb olur.  3-cü problem ondan ibarətdir ki, azərbaycanlıların çoxluq təşkil etdiyi kolxozlarda dövlət planını həddindən artıq çox qoyurlar. Bu da bölgü zamanı Azərbaycan ailələrinə çox cüzi zəhmət haqqı qalmasına gətirib çıxarır. Azərbaycanlılar taxılın da, heyvandarlıq məhsullarının da əksəriyyətini dövlətə verirlər...  

Üzeyir bəy Talıb Musayevə söz verib ki, sadaladığı bütün problemləri Ermənistanın 1-ci katibinə çatdıracaq. Ancaq  tapşırıb ki,  bir müddət sonra maraqlan gör, dediklərimizin problemlərin həlli üçün bir nəticəsi olub, yoxsa yox... Həmin günün axşamı Üzeyir bəy Talıb müəllimi çağırıb Arutyunovla görüşü barədə danışıb. Bildirib ki, 1-ci katib soydaşlarımızın deyilən problemlərinin həllinə nail olacağına söz verib.  Üzeyir Hacıbəyovun Arutyunovla görüşündən qısa müddət sonra Ermənistan mərkəzi komitəsinin siyasi bürosu  keçirilib. “Müharibə dövründə beynəlmiləlçi tərbiyə ilə əlaqədar məsələlərə dair” adı altında  əslində azərbaycanlıların problemləri müzakirə olunub. Və doğrudan da az bir vaxtda sadalanan problemlər həllini tapıb. Bundan sonra Talıb Musayev Bakıya -Üzeyir Hacıbəyova təşəkkür məktubu göndərib. Məktubda Üzeyir bəyə bildirilib ki, sizin görüşünüzdən sonra Ermənistan rəhbərliyi çatdırılan bütün problemləri, üstəlik, demədiyimiz bəzi digər məsələləri də həll edib... 

Talıb Musayev dünya şöhrətli sənətkarla bir neçə saatlıq söhbət zamanı onun dahiliyi, nəhəng istedadıyla yanaşı, böyük milli ruh, qeyrət sahibi, xalqından ötrü canını qurban verə bilən əsl vətənpərvər şəxsiyyət olmasına şahidlik edib... 

Sultan Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər