ABŞ-da II Dünya Müharibəsi qurbanları və qəhrəmanları arasında faşist hərbçilərinin məzarlarının aşkarlanması bu ölkədəki bir sıra veteran təşkilatlarının, o cümlədən yəhudi icmalarının ciddi narazılığına səbəb olub.
Moderator.az xəbər verir ki, Texasdakı Fort Sam Houston Milli qəbiristanlığında iki və Utahdakı Fort Douglas Post qəbiristanlığında bir alman hərbçisinə aid məzarın aşkarlanması hərbi-vətənpərvərlik təşkilatları ilə dövlət quurmları arasında gərginliyə səbəb olub. Belə ki, əksər veteran təşkilatları, eləcə də faşizmlə mübarizədə həlak olanların yaxılnları hesab edir ki, bu şəxslərin faşist hərbçiləri ilə eyni məzarlıqda uyuması düzgün deyil. Bu səbəbdən də ya bu məzarlar buradan çıxarılmalı, ya da onların üzərində faşist nişanları, həmçinin Hitlərə rəğbəti ifadə edən söz və işarələr silinməlidir.
Əlaqədar dövlət quurmları isə hesab edir ki, onlar keçmiş qəbiristanlıq rəhbərlərinin səhvlərinə görə cavabdeh deyillər. Bundan başqa, rəsmi qurumlar hesab edir ki, bu məzarlar tarixin bir hissəsidir və tarixi mənbələri qorumaq lazımdır. Odur ki, həmin məzarların köçürülməsi və ya onların üzərində hansısa dəyişikliklərin reallaşması gözlənilmir.
Göründüyü kimi, 75 il bundan öncə bitən II Dünya Müharibəsi hərbi qəbiristanlıqdakı məzarlar üçün hələ də davam edir. Və bu, bəlkə də əbədiyyətə qədər davam edən bir savaş olacaq...
Seymur ƏLİYEV