Məlum olduğu kimi, Füzulidə beynəlxalq aeroportun tikilməsi planlaşdırılır. Bundan başqa, Laçın və ya Kəlbəcərdə də aeroportun inşası nəzərdə tutulur ki, bu da bölgə üçün ciddi yeniliklərdən biridir.
Işğaldan azad edilən torpaqlarımızda aeroportların tikintisi bu bölgənin, eləcə də ölkəmizin iqtisadiyyatına nə vəd edir?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov, aeroportların tikilməsinin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Aeroport iqtisadiyyata təsir edən əsas amillərdən biridir. Turizm ilə bağlı məsələlərdə aeroportun əhəmiyyəti xüsusilə böyükdür.
Laçın, Kəlbəcər, Ağdam və s. rayonlarımız dağ zonaları olduğu üçün bu zonalarda turizmin inkişafına çox böyük diqqət yetiriləcək. Aeroportlarmız nə qədər çox olsa, xarici qonaqlarımız da o qədər çox olar. Onlar bir o qədər bu bölgələrə çox gəlib-gedər, işğaldan azad edilən torpaqlarımızla, bu bölgələrin təbiəti və mədəniyyəti ilə yaxından tanış olarlar. Buna görə də aeroportların tikilməsi mühüm əhəmiyyət kəsb edir.
Aeroport birincisi mədəniyyətdir, ikincisi hər bir rayon üçün giriş qapısıdır. Aeroportun mövcudluğu turizmin, sənayenin inkişafına müsbət təsir göstərir. Bu torpaqlarda kənd təsərrüffatının inkişafı da nəzərədə tutulub. Dünən cənab prezident bu haqda geniş məlumat və müvafiq tapşırıqlar verdi.
İstənilən halda, aeroportların inşası ancaq və ancaq müsbət hal kimi dəyərləndirilə bilər”.
Seymur ƏLİYEV