“O, həqiqəti çəkinmədən hər kəsin üzünə açıq deməyi bacaran insan idi...”-Asya Manafova
Cəmiyyət
4287
04 Dec 2021 | 17:04

“O, həqiqəti çəkinmədən hər kəsin üzünə açıq deməyi bacaran insan idi...”-Asya Manafova

“Hesab edirəm ki, Maksim müəllim məzarında da rahat uyumalıdır. Çünki o, heç kəsin qarşısında başıaşağı,  gözükölgəli deyil və kiməsə mənəvi borcu yoxdur...”
 
Sabah – dekabrın 5-də Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyasının səmimi, təmənnasız qurucularından biri, Milli Məclisin sabiq deputatı Maksim Musayevin vəfatının 40-cı günüdür.  
 
Bu münasibətlə mərhumun dostları, keçmiş partiya və parlament həmkarları onun son illər daha çox maraqlı müsahibə və araşdırma yazılarıyla  çıxış etdiyi Moderator.az-la əlaqə saxlayaraq ürək sözlərini çatdırmaq, xatirələrini söyləmək istəyirlər...
 
“Biz Maksim müəllimlə sovet dövründə uzun müddət eyni vaxtda partiya və dövlət orqanlarında  çalışmışıq. O, Qaxda 1-ci katib işləyərkən mən Bakıda Mərkəzi Komitədə işləmişəm. Maksim müəllim Xızı rayonunun rəhbəri olarkən mən də Qusar rayonunda 1-ci katib kimi çalışırdım. Parlamentdə də deputat və müxtəlif komissiyalarda fəaliyyətimiz olub. Hər zaman işgüzar əlaqələrimiz, görüşlərimiz olub. Maksim Musayev haqqında həm bir dövlət adamı, həm də bir insan, bir şəxsiyyət, bir kişi kimi çox müsbət rəydəyəm”. 
Bu fikirləri Moderator.az-a açıqlamasında  Milli Məclisin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan Asya Manafova  söyləyib.
 
“O, həm öz sahəsi üzrə, həm də idarəçilik, ictimai-siyasi proseslərlə bağlı  yetərincə təhsil və bilgiyə malik bir məmur, eyni zamanda işində və baxışlarında prinsipial bir şəxsiyyət idi.  Maksim müəllim işinə çox ciddi və məsuliyyətlə yanaşan, tapşırılmış işlərin öhdəsindən layiqincə gələn bir kadr olmaqla yanaşı, həqiqət bildiklərini heç kimdən çəkinmədən hər kəsin üzünə birbaşa, açıq deməyi bacaran qürurlu bir insan idi. Onun  həm də ölkəmizin, dünyanın ictimai həyatı, o cümlədən Qarabağla, erməni məsələsi ilə bağlı geniş bilgiləri vardı. Ömrünün son günlərinədək daim müxtəlif araşdırmalar aparırdı,  kitablar yazardı. Birdən ondan zarafatla soruşurdum ki, ay Maksim müəllim, neçə kitab yazmısan, heç onları oxuyan var, heç deyən varmı ki, filan şeyi səhv yazmısan, filan şeyi düz... Rəhmətlik öz qeyri-adi, sakit gülüşü ilə cavab verərdi ki, mənim bir əsas tənqidçim var, o da sənsən, sənin iradların və təriflərin mənim üçün yetərlidir... Bəzən yazılarıyla bağlı və yaxud  müəyyən işin gedişində Maksim müəllimlə bəzi ictimai-siyasi mövzularla bağlı hətta kəskin formada mübahisələr də edərdik. Az sonra hamısı unudulurdu...
Çox vətənpərvər, xalqsevər insan idi. Daim qohum-əqrəba ilə yanaşı,  seçicilərinin, yad insanların belə, güzəranı ilə maraqlanar, imkansızlara bacardığı qədər yardım edərdi. Son 44 günlük müharibə zamanı Maksim müəllim Tərtərə yollanaraq oradakı zərərçəkmişlər üçün yardımlar təşkil etdi...
 
O, çox sədadətli, etibarlı və ləyaqətli dost olubdur. Biz bir-birimizi çox yaxşı anlayırdıq. Çünki bizim əsas qayəmiz tutduğumuz yola sədaqət və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək idi. Hazırkı kadrlarla bizim aramızda olduqca böyük fərq var... Biz  Maksim müəllimlə həmişə fikir mübadiləsi aparanda bunun belə olmasına təəssüflənərdik... Yeni Azərbaycan partiyasının yaradılmasında Maksim müəllim də çox əziyyət çəkib, fədakarlıqlar göstərib. Ömrünün son günlərinədək o, narahat olurdu ki, biz bu partiyanı  bugünkü bəzi yaramaz, cinayətkar, korrupsionerlər üçün yaratmamışdıq... 
 
Biz Maksim müəllimlə paralel olaraq 40 ildən çox müxtəlif rəhbər vəzifələrdə işləmişik, deputat olmuşuq. Müqayisə edin: hazırda bəzən 3-5 il icra hakimiyyəti başçısı işləyənlərin və ya deputat olanların sonu zindanla bitir. Şükür Allaha ki, bu gün bizim, o cümlədən Maksim müəllimin həm xalq, həm dövlət qarşısında alnımız açıqdır, arxamızca  danışan, deyinən yoxdur...
Ona görə də hesab edirəm ki, Maksim müəllim də məzarında rahat uyumalıdır. Çünki o, heç kəsin qarşısında başıaşağı,  gözükölgəli deyil və kiməsə mənəvi borcu yoxdur...Bir sözlə, Maksim müəllimlə bağlı yalnız xoş xatirələr söyləmək olar...
 
Allah Maksim Musayevə rəhmət eləsin! Məkanı behişt olsun!..” –sabiq deputat sozünü belə bitirib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər