10 uşaqlı ailə çarəsiz halda:
387
15:57, Bu gün

10 uşaqlı ailə çarəsiz halda: "Qapının şəklini çəkib, yardımdan imtina ediblər" - VİDEO

Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin 10 övladı şəraitsiz və darısqal evdə böyüyür.
 
2010-cu ildə ailə quran cütlüyün bu müddət ərzində 10 övladı dünyaya gəlib. Ailənin ən kiçik övladı iki, ən böyüyü isə 15 yaşındadır.
 
Baku TV-nin xəbərinə görə, ailənin əsas dolanışıq mənbəyi əvvəllər dövlət tərəfindən verilən sosial müavinət olub. Lakin hazırda bu müavinətin müddətinin uzadılmasından imtina edilib.
 
Əflan Abdullayevin sözlərinə görə, sənədlər 2 mart tarixində təqdim olunub:
 
"Dəfələrlə zəng etdikdə bizə bayram günləri ilə əlaqədar gecikmə olduğu deyildi. Sonradan sənədlərin qaydasında olduğu, baxışsız təyinat veriləcəyi bildirildi. Aprelin 19-da isə imtina mesajı aldıq. Səbəb kimi evə baxışın keçirilə bilməməsi göstərilib. Halbuki biz evdə idik. Gəlib qapının şəklini çəkib, əlaqə saxlaya bilmədiklərini qeyd ediblər".

Əflan Abdullayev maddi vəziyyətlərinin ağır olduğunu, 10 uşağın xərclərinin qarşılanmasının çətinləşdiyini bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Salyan rayon sakini Əflan Əzizxan oğlu Abdullayevin ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2026-cı il martın 2-də olub. Bununla əlaqədar qanunvericiliyin tələblərinə əsasən, aidiyyəti üzrə əməkdaşlar ailənin maddi-məişət şəraitinin araşdırılması üçün ünvana getsələr də, ailə bunun üçün şərait yaratmayıb. Daha doğrusu, ərizə-bəyannamədə qeyd edilən ünvanda olan əməkdaşlara qapını açan olmayıb və təmsilçi ilə əlaqə yaratmağa cəhd edilsə də, telefon nömrəsinə zəng çatmayıb. Bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun qaydada ailənin sosial yardımla bağlı müraciətinə imtina verilib.
 
Qeyd edək ki, təmsilçinin həyat yoldaşı Gülşən Asif qızı Abdullayevaya hazırda fond tərəfindən beşdən çox uşağı olan qadın kimi 1 400 manat məbləğində müavinət ödənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər