Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
181
08:21, Bu gün

Bakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO

Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.
 
Baku TV paytaxtın bu ərazisindən reportaj hazırlayıb.
 

"Montin" küçələrini gəzərkən köhnə tikililərin, dar dalanların hələ də toxunulmaz qaldığını görmək olar. Bəzi yerlərdə aparılan kosmetik təmir və kiçik abadlıq işləri məhəllənin ümumi görkəmini əsaslı şəkildə dəyişməyib. Sakinlər bildirirlər ki, şəhərin digər hissələrindəki sürətli yenilənmə hələ ki, bu məhəlləyə gəlib çatmayıb.

 
Məhəllənin dəyişən tək şeyi fiziki görünüşü deyil, həm də insanların həyat tərzidir. Uzun illərdir burada yaşayan ağsaqqallar keçmişin qonşuluq mədəniyyətinin artıq unudulduğunu təəssüflə xatırlayırlar:
 
"Əvvəllər gediş-gəliş çox idi, qonşu qonşunu tanıyırdı, qonaq gedib-gəlirdik. İndi isə insanlar iş yorğunluğu ilə evlərinə qayıdır, bir-birinə vaxt ayırmağa həvəsləri qalmır".
 
Məhəllənin adının mənşəyi ilə bağlı maraqlananda isə yerli sakinlərin əksəriyyətinin bu ada öyrəşdiyini, lakin adın kökənini tam bilmədiyini gördük. Məlumat üçün bildirək ki, Piotr Vasilyeviç Montin rusiyalı inqilabçı olub. Sovet dövründə Bakıdakı gəmi təmiri zavodlarının birində çalışdığı və inqilabi fəaliyyəti ilə tanındığı üçün əraziyə onun adı verilib.
 
Zaman keçsə də, "Montin" hələ də özünəməxsus ab-havası, ayaqqabı təmiri edən və kiçik ticarətlə məşğul olan yerli sakinləri ilə Bakının nostalji ünvanı olaraq qalmaqdadır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər