“Təxminən 2014-cü il idi. Uşaqlıq dostum Nurlan Xudazarovla uzun müddət idi ki, görüşə bilmirdik. Mən gərgin iş rejimində çalışırdım, o isə universitetdə təhsil alırdı. Təsadüfən yolda qarşılaşdıq. Ondan nə ilə məşğul olduğunu soruşdum. Dedi ki, Azərbaycan Turizm və Menecment Universitetində, turizm işinin təşkili və idarə olunması fakültəsində, idman turizmi ixtisası üzrə təhsil alır və ixtisasına uyğun olaraq alpinizmlə məşğuldur. O an sanki beynimdə işıq yandı. Uşaqlıqdan hiperaktiv, yerində dura bilməyən biri olmuşam. Bir neçə gün sonra Nurlana yazdım və növbəti səfərlərinin hara olduğunu soruşdum. Yadımdadır, noyabr ayının ortaları idi. Dedi ki, 7 dekabrda Xızı dağlarının ən yüksək zirvəsi olan Dubraraya (2205 m) gedəcəklər və istəsəm qoşula bilərəm. Mənə çanta və dağ ayaqqabısı təşkil etdi-və mən ilk dəfə dağa getdim. İki günlük yürüşün sonunda zirvəyə çıxa bilmədik. Böyük ehtimalla bu, mənim və mənim kimi ilk dəfə qatılan bir neçə nəfərin tempinin aşağı olması ilə bağlı idi. Qarla örtülü relyef, ayaqqabıya yapışan və çəkini bir neçə dəfə artıran meşə torpağı, bitməyən uzun yol. Heç vaxt unutmaram-evə qayıdandan sonra bir həftə ayaqlarımı əlimlə qaldırıb yerə qoyurdum (gülür). Amma məhz o səfər mənim həyatımı dəyişdi. Dağ sevgisi, təbiətə bağlılıq-hər şey oradan başladı”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış alpinist Qərib Tağızadə deyib.
O daha sonra bu sahənin çətinliklərindən danışıb:
“Hər sahənin çətinlikləri olduğu kimi, alpinizmin də öz çətinlikləri var. Amma bu sahəni fərqləndirən əsas məqam odur ki, burada hər şey səndən asılı deyil. Əgər 6000–7000 metrlik zirvələrə gedirsənsə, bu artıq 2–3 həftəlik bir həyatdır. 8000 metrlik dağlarda isə bu müddət 2 aya qədər uzana bilir. Bu, bir alpinistin karyerasından, ailəsindən, dostlarından “oğurlayıb” dağlara verdiyi zamandır. Üstəlik, burada yalnız motivasiya və fiziki hazırlıq kifayət etmir. Sənin əlində olmayan bir faktor da var. O da bəxtdir. Mən motivasiyanı dağlara olan bitməyən sevgimlə saxlayıram. Dağlar mənə əsl Qəribi təqdim edir-acısı ilə, şirini ilə, yaxşısı ilə, pisi ilə. Dağlar insanın gücünü artırmır. Əslində, insanın özündə olan, amma fərqində olmadığı gücü üzə çıxarır. Məhz bu hiss məni hər dəfə yenidən dağlara qaytarır”.
Qərib Tağızadə peşəsi və həyat tərzindən də danışıb:
“Mən peşə olaraq sənaye alpinistiyəm. Neft-qaz sektorunda, dərin sularda yerləşən qurğularda, xarici şirkətlərdən birində Rope Access Supervisor kimi çalışıram. Eyni zamanda təlim mərkəzlərində təlimçi kimi fəaliyyət göstərirəm. Boş vaxtlarımda isə müxtəlif korporativ tədbirlərdə motivasiya mövzusunda çıxışlar edirəm. Azərbaycanda təbiəti qoruyan və onun səsini hamıya çatdırmağa çalışan insanlardan biriyəm. İnsanlara anlatmağa çalışıram ki, sizin təbiətə açdığınız “müharibənin” qalibi siz olsanız belə, sonda anlayacaqsınız ki, ən böyük məğlub elə özünüz və gələcəyinizdir. Qış aylarında isə böyük dağlarımızın yerləşdiyi Şahdağ Milli Parkı ərazisinə giriş məhdud olduğu üçün donmuş şəlalələrə dırmaşır, paralel olaraq xizək sürür və scuba diving ilə də məşğul oluram”, - deyə alpinist bildirib.
Qərib Tağızadə alpinistlikdə əldə etdiyi uğurlardan da söz açıb:
“Mənim üçün dağın hündürlüyü heç vaxt əsas meyar olmayıb. Ən yüksək çıxdığım zirvə Nepal Himalaylarında yerləşən, 6189 metr hündürlüyə malik İsland Peak olub. Amma maraqlıdır ki, məni ən çox cəlb edən zirvə Qafqaz dağlarında yerləşən, 4710 metr hündürlüyə malik Uşba dağıdır. Halbuki mən Kilimancaro, Ağrı dağı, Elbrus kimi zirvələrə də dırmanmışam. Azərbaycanın demək olar ki, bütün 4000 metrlik zirvələrində olmuşam. Bəzilərinə hətta dəfələrlə dırmanmışam. Və hələ də gedirəm. Nə qədər ki, ayaqlarım məni aparır, mən dağlara gedəcəyəm. Çünki mənim yolum zirvələrdən keçir”.
Alpinist bildirib ki, dağlarda dəfələrlə ölümlə üz-üzə qaldığı anlar da olub:
“Sürətlə dəyişən hava şəraitinə düşmüşəm. Cəmi 15–20 dəqiqə ərzində günəşli hava dolu fırtınasına çevrilib, onun ardınca isə qatı dumanla müşayiət olunub. Qatı dumanda GPS belə düzgün işləməyə bilər. Belə şəraitdə cığırı itirmək çox asandır. İnsan özünü bir anda uçurum kənarında, buz çatlarının üzərində və ya yolu azaraq qar uçqunu zonasında tapa bilər. Mənim təcrübəm belə vəziyyətdə olduğum yerdə dayanmaq oldu. Dumanın mümkün qədər tez çəkilməsi üçün sadəcə gözlədim və dua etdim. Bəxtim gətirdi, təxminən 1–1,5 saat sonra duman çəkildi”, - deyə alpinist bildirib.