Siyasət
319
14:32, Bu gün

"WUF13 Azərbaycanın beynəlxalq imicini gücləndirən strateji platforma kimi yadda qalacaq"

Bu gün Bakıda keçirilən WUF-13-ün 4-cü günü tamam olur və artıq Forum Azərbaycanın beynəlxalq mövqeyi, şəhərsalma siyasəti və iqtisadi diplomatiyası baxımından mühüm nəticələr verməyə başlayıb. 
 
İlk növbbədə onu qeyd edim ki, Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumunda 182 ölkədən 45 mindən çox nümayəndənin qeydiyyatdan keçməsi özü-özlüyündə çox böyük uğur və rekord göstəricidir. Forumun təşkilatçıları olan UN-Habitat və Azərbaycan hökumətinin məlumatına görə tədbirdə dövlət və hökumət nümayəndələri, BMT rəsmiləri, şəhərsalma ekspertləri, biznes sektoru, QHT-lər, universitetlər və beynəlxalq təşkilatlar iştirak edir. 
 
Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə bir neçə istiqamətdə ciddi fayda qazandırır:
 
1. Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi 
 
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın artıq yalnız enerji deyil, həm də dayanıqlı inkişaf, şəhərsalma və qlobal idarəetmə sahələrində etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Forumun Bakıda keçirilməsi “Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi qazandığı etimadın göstəricisidir”. 
 
2. Azərbaycanın şəhərsalma və “ağıllı şəhər” modelinin tanıdılması
 
Forum çərçivəsində Bakı və azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma layihələri beynəlxalq auditoriyaya təqdim olunur. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ciddi beynəlxalq maraq doğurur.  Bu, gələcəkdə ölkəmizə, xüsusilə Qarabağ və Şərqi Zəngəzura xarici investisiyaların cəlb edilməsinə, qabaqcıl texnologiyaların tətbiqinə və urbanistika sahəsində yeni əməkdaşlıq imkanlarına şərait yaradacaq.
 
3. Turizm və xidmət sektoruna iqtisadi töhfə
 
Forum minlərlə xarici qonağı Bakıya gətirib. Otellər, nəqliyyat, restoranlar və xidmət sektoru üçün ciddi iqtisadi aktivlik yaranıb. Ölkəmizin gələcəkdə daha çox ölkdən olan turstlərin maraq dairəsinə düşməsi bxımından Forumun müstəsna əhəmiyyəti var.
 
4. Azərbaycanın “yaşıl inkişaf” gündəliyinin gücləndirilməsi
 
WUF13-də əsas mövzulardan biri iqlim dəyişikliyi, davamlı şəhərlər və təhlükəsiz yaşayış məkanlarıdır. Forumun ölkəmizdə keçirilməsi Azərbaycanın COP29-dan sonra “yaşıl keçid” siyasətinin davamı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 
 
5. Vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlıqların genişlənməsi
 
Forum çərçivəsində Azərbaycan QHT-ləri, universitetlər və dövlət qurumları beynəlxalq tərəfdaşlarla birbaşa əməkdaşlıq imkanları əldə etdilər. İlk dəfə olaraq WUF daxilində QHT Forumu və qrant proqramları təşkil olunub. 
 
İndiyə qədər əldə olunan əsas nəticələr:
 
Keçən dörd gün ərzində bir sıra mühüm nəticələri və təşəbbüsləri qeyd etmək olar:
 
1. Mənzil böhranı, iqlim dəyişikliyi və şəhər dayanıqlılığı üzrə qlobal siyasət müzakirələri aparılıb; 
 
2. Azərbaycanın post-münaqişə dövründə yenidənqurma təcrübəsi beynəlxalq platformada təqdim olunub; 
 
3. Urban Expo çərçivəsində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb və ölkənin şəhərsalma nailiyyətləri nümayiş etdirilib; 
 
4. BMT, beynəlxalq maliyyə institutları və müxtəlif ölkələr arasında yeni əməkdaşlıq platformaları formalaşıb; 
 
5. “Dünyanın yaşayışla təmin olunması: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında şəhərlərin gələcəyi ilə bağlı praktik yol xəritələri hazırlanmağa başlanıb. 
 
Ümumilikdə, WUF13 Azərbaycanın beynəlxalq imicini gücləndirən, iqtisadi və diplomatik imkanlarını genişləndirən, həmçinin ölkənin müasir şəhərsalma modelini dünyaya təqdim edən strateji platforma kimi yadda qalacaq.
 
Azay Quliyev, millət vəkili
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər