Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Məmmədov barəsində qaldırılmış cinayət işi üzrə hazırlıq iclası başlamışdır. ADP Ali Məclisinin üzvü, “Hürriyyət” qəzetinin Baş redaktoru və eyni adlı internet TV-nin rəhbəri olan Vüqar Məmmədova qarşı irəli sürülmüş ittihamlar istintaq mərhələsində olduğu kimi, məhkəmənin hazırlıq iclasında da hüquqi baxımdan ciddi mübahisələr doğurmuşdur. Müdafiə tərəfinin mövqeyinə əsasən, sözügedən maliyyə münasibətləri reklam müqavilələri çərçivəsində həyata keçirilmişdir və bu münasibətlərin cinayət hüququ müstəvisində, xüsusilə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə qiymətləndirilməsi hüquqi əsaslandırma baxımından suallar yaradır.
Hazırlıq iclası zamanı müdafiə tərəfindən qaldırılan vəsatətlərin təmin olunmaması, o cümlədən kifayət qədər hüquqi əsaslar olmasına baxmayaraq, alternativ qətimkan tədbirinin seçilməməsi məhkəmə araşdırmasının obyektivliyi və balanslı aparılacağı ilə bağlı müəyyən narahatlıqlara səbəb olmuşdur.
ADP media fəaliyyəti ilə bağlı yaranan iqtisadi münasibətlərin qiymətləndirilməsi zamanı mülki-hüquqi mexanizmlərə üstünlük verilməsini daha məqsədəuyğun hesab edir və bu cür halların birbaşa cinayət hüququ predmetinə çevrilməsini hüquqi mübahisələr yaratdığını bildirir.
ADP hesab edir ki, mövcud məhkəmə prosesinin şəffaf, ədalətli və qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılması xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, prosesin gedişatının cəmiyyətdə hüquq sisteminə olan etimad baxımından həssaslıqla izlənildiyi diqqətə çatdırılır.