Milli Məclis AP-nin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz - spikerdən sərt mövqe
Siyasət
192
12:24, Bu gün

Milli Məclis AP-nin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz - spikerdən sərt mövqe

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün, 1 may tarixli plenar iclasında Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyəti barədə çıxış edib.

Moderatoraz-ın məlumatına görə, spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət dövlətimizi beynəlxalq birliyin nüfuzlu bir üzvünə çevirib:

“Biz xarici siyasətimizdə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutur, beynəlxalq qurumlar ilə konstruktiv iş birliyini inkişaf etdiririk. Bu baxımdan ölkəmiz Avropa Parlamenti ilə əməkdaşlıq mexanizmlərini həmişə konstruktiv dialoq platforması kimi nəzərdən keçirib. Bu da qeyd edilməlidir ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır, qitənin enerji təhlükəsizliyinə böyük töhfə verir. Strateji infrastruktur layihələrinin reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yolunda atılan addımlar, regional sabitliyin təmin edilməsində fəal iştirak ölkəmizin beynəlxalq münasibətlər sistemində məsuliyyətli və konstruktiv rol oynadığını təsdiq edir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər möhkəm təmələ əsaslanır və zəngin potensiala malikdir”.

S.Qafarovanın sözlərinə görə, təəssüflə qeyd olunmalıdır ki, ölkəmizdə və regionumuzda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurur: “Və bu proses uzun illərdir ki, davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır. Bu sənədlər real vəziyyəti əks etdirmir və çox vaxt Azərbaycanın qanuni maraqlarını pozmağa yönəlib. Görünən budur ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır. Avropa demokratiyasını təmsil etmək iddiasında olan bu qurumun Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobbi qruplarının və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur”.

Sədr xatırlatdı ki, bir neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərində böhran ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnmişdi:

“2015-ci ildə Azərbaycan parlamenti Avropa Parlamentində Azərbaycan barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına cavab olaraq bu təşkilatla qarşılıqlı əlaqəni dayandırmağa məcbur olmuşdu. Milli Məclis Avropa Parlamentindən tələb etmişdi ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin. Bu qərar qəbul edildikdən sonra Avropa Parlamenti  ikitərəfli dialoqu bərpa etmək məqsədi ilə bir sıra addımlar atmış, o cümlədən öz deputatlarından ibarət səlahiyyətli nümayəndə heyətini Azərbaycana göndərmişdi.

Avropa Parlamentinin bu səylərindən sonra Milli Məclis əməkdaşlıq maraqlarını əsas tutaraq 2016-cı ilin sentyabr ayında münasibətlərin bərpasına dair qərar qəbul etmişdi”.

S.Qafarova ardınca təəssüflə qeyd etdi ki, ötən 10 il  Avropa Parlamentinin Azərbaycan əleyhinə hərəkətlərdən əl çəkmək niyyətində olmadığını göstərib: “İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Avropa Parlamentinin Azərbaycana qarşı təxribatlarının intensivliyinin artmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Bütün bunlar həmin qurumun əslində hansı meyarlar əsasında fəaliyyət göstərdiyinin əsas sübutu sayıla bilər.

Şübhə yoxdur ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozub, eyni zamanda, konstruktiv dialoq və əməkdaşlıq perspektivlərinə sarsıdıcı zərbə vurub. Bu da aydındır ki, təşkilatın nümayiş etdirdiyi yanaşma regionda sülh və sabitlik yaradılmasına yönələn səylərə maneçilik törətməyə yönəlib”.  Spiker Milli Məclisin məsələyə tutarlı cavab verəcəyini qeyd edib: “Milli Məclis Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və şübhəsiz ki, məsələ barəsində qəti mövqeyini bildirəcək”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər