Ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti bu gün Şuşa və Xankəndi şəhərlərində olub.
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Əvvəlcə Şuşaya gələn İrlandiya parlament nümayəndə heyətinin tanışlığı Şəhər Meydanından başlayıb. Qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib. Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar.
Xankəndi şəhərinə gələn qonaqlar burada Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır.