Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi məsələlərinə milli dayanıqlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi böyük əhəmiyyət verir".
Moderator.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən "RES2026" regional ekoloji sammitində çıxışı zamanı bildirib.
"Regional ekoloji sammit çərçivəsində ekoloji dayanıqlılıq, iqtisadi inkişaf və xalqlarımızın rifahının təmin edilməsi üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi olduqca aktualdır. Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərinə böyük əhəmiyyət verir, onları milli və beynəlxalq dayanıqlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi nəzərdən keçirir", - Ə.Əsədov qeyd edib.
Onun sözlərinə görə, bu kontekstdə 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Konfransının - COP29-un keçirilməsi ölkənin qlobal iqlim gündəliyinin əsas məsələləri üzrə beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfəsi olub.
"Əminik ki, indiki sammitin nəticələri də ətraf mühitin qorunması sahəsində praktiki təşəbbüslərin irəli sürülməsinə və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
İqlim dəyişikliyi, şirin su ehtiyatlarının çatışmazlığının və su ehtiyatlarına təzyiqin artması ilə şərtlənən qlobal çağırışların gücləndiyi şəraitdə su təhlükəsizliyi məsələləri beynəlxalq gündəlikdə prioritet əhəmiyyət kəsb edir", - o əlavə edib.
Ə.Əsədov vurğulayıb ki, Bakı Qazaxıstanın BMT-nin himayəsi altında ixtisaslaşdırılmış beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir.