Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin plenar iclasında çıxış edən deputat Azay Quliyev aprelin 16-da Belçika və Niderland parlamentlərində qəbul olunan bədnam qətnamələrin Azərbaycana qarşı yönəlmiş siyasi təxribat olduğunu deyib.
Moderator.az-ın məlumatına görə, deputat bildirib ki, bu, “sənədlər” faktlara deyil, yalanlara, təhriflərə və əsassız ittihamlara əsaslanır:
“Onların müəllifləri və lehinə səs verənlər beynəlxalq hüququn prinsiplərini müdafiə etdiklərini iddia etsələr də, əslində həmin prinsipləri, xüsusilə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, eləcə də qanunun aliliyi prinsiplərini kobud şəkildə pozduqlarının fərqindədirlər. Ən paradoksal məqam isə ondan ibarətdir ki, bu qətnamələr regionda sülh prosesinin irəlilədiyi, düşmənçiliyi və separatizmi körükləyən köhnə narrativlərin həm yerli, həm də beynəlxalq gündəlikdən tam çıxarıldığı vaxtda, o cümlədən, Azərbaycan və Ermənistan parlament sədrləri arasında konstruktiv dialoqun davam etdiyi gündə qəbul edilib”.
A.Quliyevin sözlərinə görə, həmin sənədlərin ən təhlükəli tərəfi isə onların məzmunu deyil, niyyətidir: “Çünki qətnamə müəlliflərinin başlıca məqsədi Azərbaycanla Ermənistan arasında uğurla davam edən sülh və etimad quruculuğu prosesinə açıq zərbə vurmaq, gərginliyi və nifrəti artırmaq, revanşist qüvvələri ruhlandırmaqdır. Görəsən həm Belçika, həm də Niderland parlamentində eyni gündə Azərbaycana qarşı bu cür təxribata əl atanları, müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri “müharibə əsiri” kimi təqdim edənləri nə birləşdirir? Onların fəaliyyətini bu qədər sinxron şəkildə kim koordinasiya edir? Başqa bir sual: Ermənistanda nəzərdə tutulan 7 iyun parlament seçkilərində Paşinyan hökumətinin seçki platformasının əsas xəttinin sülh gündəliyi olduğunu nəzərə alsaq, bu qətnamələrin eyni zamanda həmin seçki kampaniyasına zərbə olduğunu görməmək mümkündürmü?O zaman bu cür ikrah hissi doğuran qətnamələri qəbul etməklə regiondakı müsbət proseslərin mane olmaqda kim maraqlıdır?”
A.Quliyevin fikrincə, hər iki sualın cavabı birdir: “Ermənistanla Azərbaycan arasında sülhün daimi və qalıcı olmasını istəməyən, bu prosesi özlərinin siyasi mövcudluğuna təhlükə hesab edən erməni diasporu və bölgədə itirdikləri geosiyasi təsir imkanlarını bərpa etməyə çalışan dairələr. Qətnamə müəlliflərinin bu iki qüvvədən hansının sifarişi ilə hərəkət etdiyini araşdırmaq isə artıq Belçika və Niderlandın müvafiq qurumlarının işidir. Hər iki qətnaməni qəti şəkildə pisləyir və bu ölkələri anti-Azərbaycan kampaniyasına son qoymağa, sülh prosesinə və beynəlxalq hüquqa hörmət etməyə çağırıram”.