“Nikol Paşinyanın seçki platformasında Azərbaycanla əlaqələr qurulacağı ilə bağlı siyasət yürüdüləcəyinin qeyd olunması və onun bu mövqeyi şəxsən dilə gətirməsi siyasi cəsarət nümunəsidir”.
Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Hikmət Babaoğlu Musavat.com-a bildirib.

Deputat qeyd edib ki, Ermənistanda anti-Azərbaycan mövqeyinin hələ də güclü olduğu bir vaxtda bu şəkildə cəsarətli mövqe ortaya qoymaq əlbəttə ki, bir siyasətçi üçün çətindir: “Çünki bu cür mövqe seçkilərin nəticəsinə təsir göstərə bilər. Amma mənə belə gəlir ki, Paşinyan bu fikirləri, sadəcə, cəsarət naminə ifadə etməyib, düşünərək edib. Onun bu mövqeyinin altında real məzmun və çağırış var.
Şübhəsiz ki, Ermənistan cəmiyyətinin sosiologiyasını və elektoratının düşüncəsini öyrənən texnoloqlar real vəziyyətin göründüyündən fərqli olduğunu Paşinyana izah edib. Yəni üzdə ictimai müstəvidə hər nə qədər ermənilərin böyük əksəriyyəti radikal görünsə də alt qatlarda, fərdi qaydada davranışlarında onlar artıq dərk edirlər ki, yeni müharibə Ermənistanın sonu ola bilər. Məhz ona görə də Paşinyanın sülh mövqeyini üzdə tənqid edib arxada dəstəkləyirlər. Məncə, bu həssas siyasi nəbzi də Paşinyan doğru ölçməyi bacarıb”.
H.Babaoğlu deyib ki, ermənilər artıq Azərbaycanla mümkün sülhün nə qədər böyük iqtisadi, kommunikativ dividnetlər qazandıracağını hiss edirlər: “Çünki üçüncü ölkələrdən yüklərin daşınması ilə bağlı, Azərbaycandan enerji daşıyıcılarının Ermənistana göndərilməsi artıq Ermənistanın iqtisadi sosial münasibətlər sistemində fərq yarada bilir. Ona görə də Paşinyan düşünərək öz seçkiqabağı kampaniyasında bu məsələləri əks etdirib. Bu cür mövqe seçkidə Paşinyanın lehinə işləyə bilər. Nəticə etibarilə Ermənistan cəmiyyətinin gizli siyasi nəbzi Paşinyanın bu açıqlaması ilə üst-üstə düşür”.