UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
Siyasət
379
14 Apr 2026 | 23:01

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

UNESCO-nun mənzil-qərargahında 8–23 aprel tarixlərində təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası işə başlayıb. Sessiya çərçivəsində keçirilən plenar debatlar zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib.

Moderator.az xəbər verir ki, milli bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın gücləndirilməsinin vacibliyi vurğulanıb, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb.

Çıxışda təşkilat daxilində üzv dövlətlərlə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilib.

Həmçinin bildirilib ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi xüsusi əhəmiyyət kəsb edir və UNESCO-nun mandatı bu sahədə mühüm imkanlar yaradır.

Çıxış zamanı ötən ilin oktyabr–noyabr aylarında Səmərqənddə keçirilmiş UNESCO Baş Konfransının 43-cü sessiyasının uğurlu təşkilinə görə Özbəkistan tərəfinə təşəkkür ifadə olunub.

Bununla yanaşı, plenar debatlar çərçivəsində Daimi Nümayəndəlik tərəfindən Azərbaycanın Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından bəyanatlar səsləndirilib.

Qrup 77 və Çin adından təqdim olunan bəyanatda çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir daha təsdiqlənib, inkişaf etməkdə olan ölkələrin prioritetlərinin irəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv və keyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsinin əhəmiyyəti və təhsilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolu qeyd olunub.

Bəyanatda həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyi, eləcə də Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadə edilib, təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərə daha güclü dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, UNESCO80 Yol Xəritəsinə dəstək ifadə olunub və inkişaf etməkdə olan ölkələrin mövqelərinin qərar qəbuletmə proseslərində əks olunmasının əhəmiyyəti qeyd edilib.

Türk Dövlətləri Qrupu adından səsləndirilən bəyanatda isə çoxtərəfliliyin gücləndirilməsi, türk dövlətləri arasında ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, həmçinin UNESCO çərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi vurğulanıb. Eyni zamanda, irqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin əhəmiyyəti qeyd olunub, iqlim dəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobal çağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bəyanatda rəqəmsal transformasiya və süni intellektin etik istifadəsi məsələlərinə də toxunulub, türk dünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, UNESCO tarixində ilk dəfə olaraq Türk Dövlətləri Qrupu adından rəsmi bəyanat səsləndirilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər