Dünya
734
14 Apr 2026 | 21:45

"Trampın İrana qarşı savaşı ABŞ üçün fiaskoya çevrilir" - "The  New York Times"

"Müttəfiqlərin uzaqlaşması və hərbi zəifləmə Vaşinqtonu strateji məğlubiyyət həddinə gətirir..."

ABŞ prezidenti Donald Tramp İranla müharibəyə Konqresin razılığı və əsas müttəfiqlərin dəstəyi olmadan başlayıb. Altı həftə keçdikdən sonra isə bu qərarın nə qədər düşünülməmiş olduğu daha açıq görünür.

Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.

Plansız başlanan müharibə və ilk səhvlər

Məqalədə qeyd olunur ki, Tramp klassik hərbi planlaşdırmanı faktiki olaraq kənara qoyaraq, daha çox intuitiv və impulsiv qərarlar verib. Ən böyük səhvlərdən biri İranın açıq və gözlənilən addımını - Hörmüz boğazını bloklamaqla dünya neft qiymətlərini kəskin artırmaq imkanını əvvəlcədən hesablaya 
bilməməsi olub.

Eyni zamanda Vaşinqtonun İranın zənginləşdirilmiş uran ehtiyatları üzərində nəzarətə dair konkret strategiyasının olmaması gələcəkdə nüvə proqramının yenidən aktivləşməsi riskini artırır. Nəşr açıq şəkildə yazır: "Trampın məsuliyyətsizliyi ABŞ-ı alçaldıcı strateji məğlubiyyət həddinə gətirib".

Dörd istiqamətdə ciddi zərbə

Nəşr hesab edir ki, bu müharibə ABŞ-ın milli maraqlarına dörd əsas istiqamətdə ağır zərbə vurub.

Birincisi, İranın iqtisadi təsir imkanları xeyli artıb. Əvvəllər sanksiyalardan çəkinən Tehran indi Hörmüz boğazı üzərində nəzarəti real təzyiq alətinə çevirə biləcəyini görüb və bu, ona qlobal enerji bazarında ciddi rıçaqlar qazandırıb.

İkincisi, ABŞ-ın hərbi gücü zədələnib. Ukrayna, İsrail və digər müttəfiqlərə paralel dəstək, üstəlik İranla müharibə Amerika arsenalının bir hissəsini tükəndirib. Bunun bərpası illər çəkə bilər. Münaqişə həm də göstərib ki, ABŞ ordusu yeni müharibə üsulları qarşısında tam sığortalanmayıb.

Üçüncüsü, Vaşinqton müttəfiqlərindən uzaqlaşıb. Yaponiya, Cənubi Koreya, Avstraliya, Kanada və bir çox Avropa ölkəsi bu müharibədə ABŞ-ı dəstəkləməkdən imtina edib. Onlar formal müttəfiq qalsalar da, artıq Vaşinqtonu əvvəlki kimi etibarlı tərəfdaş hesab etmədiklərini açıq şəkildə nümayiş etdirirlər və öz aralarında daha sıx əməkdaşlıq qurmağa çalışırlar.

Dördüncüsü isə ABŞ-ın mənəvi nüfuzu ciddi zərbə alıb. Məqalədə vurğulanır ki, Amerika uzun illər azadlıq və demokratiya modeli kimi qəbul olunurdu, lakin Trampın siyasəti bu imici tədricən aşındırıb.

Geosiyasi nəticə və çıxış yolu

Nəşr yekunda bildirir ki, ABŞ-ın zəifləməsi qlobal miqyasda avtoritar rejimlərin güclənməsinə xidmət edir: "Amerika zəiflədikcə və kasıblaşdıqca, bundan ən çox qazanan avtoritarizmdir".

Nəşr eyni zamanda qeyd edir ki, ABŞ-ın uğursuzluqlarına sevinmək üçün əsas yoxdur, çünki Çin və Rusiya kimi güclərə qarşı balans yarada biləcək alternativ demokratik güc mövcud deyil.

Müəlliflər Trampa tövsiyə edirlər ki, "təkbaşına qərarvermə" siyasətindən imtina etsin, Konqresi prosesə cəlb etsin və müttəfiqlərlə münasibətləri bərpa edərək yaranmış zərəri minimuma endirməyə çalışsın.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər