Gələcəyimiz risk altındadır – Azərbaycanda əhali artımı niyə azalır?
Ekskluziv
415
14 Apr 2026 | 23:42

Gələcəyimiz risk altındadır – Azərbaycanda əhali artımı niyə azalır?

Son illərdə Azərbaycanda demoqrafik proseslər xüsusilə diqqət çəkən istiqamətlərdən birinə çevrilib. 1990-cı illərdən etibarən formalaşan sosial-iqtisadi dəyişikliklər, həyat tərzinin transformasiyası və ailə modelinin yenilənməsi nəticəsində ölkədə doğum səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunur

Maraqlıdır, Azərbaycanda doğum səviyyəsinin kəskin azalaraq təbii artımın 180 mindən 60 minə düşməsi hansı sosial, iqtisadi və psixoloji amillərlə bağlıdır və bu tendensiyanın qarşısını almaq üçün dövlət və cəmiyyət hansı təcili və uzunmüddətli addımları atmalıdır? 

Əgər bu proses davam edərsə, yaxın 10–20 il ərzində Azərbaycanı hansı demoqrafik və sosial-iqtisadi nəticələr gözləyir və ümumilikdə bu azalma artıq təhlükəli həddə çatmış hesab oluna bilərmi?

Moderator.az yaranmış sualları iqtisadçı Rəşad Həsənova ünvanlayıb.

İqtisadçı qeyd edib ki, Azərbaycanda 1990-cı illərdən etibarən bir sıra sosial-iqtisadi və demoqrafik faktorların təsiri nəticəsində əhalinin təbii artım tempində nəzərəçarpacaq zəifləmə müşahidə olunur:

 "Xüsusilə pandemiya dövründən sonra bu proses daha da sürətlənmiş və tendensiya daha kəskin xarakter almışdır. Bu dinamikanın formalaşmasında çoxsaylı amillər rol oynayır. İlk növbədə, müasir ailə modeli və dəyişən sosial düşüncə tərzi demoqrafik davranışlara ciddi təsir göstərir. Əvvəlki nəsillərlə müqayisədə, keçmiş dövrlərdə ailələrdə uşaqların sayı daha çox olmuş, eyni zamanda valideynlik məsuliyyəti və xərclər nisbətən daha aşağı səviyyədə qalırdı. O dövrün sosial və iqtisadi standartları çərçivəsində çoxuşaqlı ailə modelinin qorunması daha mümkün görünürdü. Müasir dövrdə isə vəziyyət tamamilə dəyişmişdir. Valideyn davranışlarının transformasiyası, bir uşağın böyüdülməsi və təhsilinə çəkilən xərclərin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur".

Rəşad Həsənov əlavə edib ki, 1960–70-ci və hətta 1980-ci illərdə “əlavə xərc” anlayışı ailə büdcəsində bu qədər dominant deyildi:

"Lakin bu gün həmin xərc kateqoriyası demək olar ki, qaçılmaz xarakter daşıyır. Formal olaraq ölkədə təhsil sisteminin pulsuz olması ilə yanaşı, real praktikada valideynlər xüsusilə repetitor xidmətləri və əlavə hazırlıq xərcləri səbəbilə bir uşağın təhsilinə illər ərzində ciddi maliyyə vəsaiti yönəltmək məcburiyyətində qalırlar. Bu isə orta hesabla minimum əmək haqqı səviyyəsinə yaxın və ya ondan yüksək aylıq yük deməkdir. Nəticə etibarilə, iqtisadi amillər, sosial transformasiya və əhalinin savadlılıq səviyyəsinin yüksəlməsi ilə paralel olaraq formalaşan yeni həyat tərzi doğum səviyyəsinin azalmasına gətirib çıxarır. Son illərdə biruşaqlı ailələrin sayında artım, çoxuşaqlı ailə modellərində isə kəskin azalma müşahidə olunur. 

Bu tendensiya davam edərsə, Azərbaycan yaxın perspektivdə demoqrafik azalma riski ilə üzləşən ölkələr sırasına daxil ola bilər.
Statistik göstəricilər də bu prosesi təsdiqləyir: 1990-cı illərdə min nəfərə düşən doğum sayı təxminən 24 olduğu halda, bu rəqəm 2020-ci illərdə 8-ə, 2025-ci il proqnozlarına görə isə 5–6 səviyyəsinə enmişdir".

Ekspert vurğulayıb ki, BMT-nin 2050-ci ilə dair proqnozlarına əsasən, Azərbaycanda 29 yaşadək əhalinin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalacağı, 65 yaşdan yuxarı əhalinin payının isə təxminən iki dəfə artacağı gözlənilir:

"Bu isə demoqrafik balansın dəyişməsi fonunda əmək bazarında struktur disbalansın yaranması riskini artırır. Belə bir vəziyyət sosial müdafiə sistemlərinin maliyyələşdirilməsi baxımından da ciddi çağırışlar formalaşdırır. Əmək qabiliyyətli və işləyən əhalinin sayının azalması, pensiya sisteminin dayanıqlılığına birbaşa təsir göstərə bilər. Bu isə gələcəkdə pensiya yaşının artırılması və ya sosial sığorta haqlarının yüksəldilməsi kimi qərarların gündəmə gəlməsi ehtimalını gücləndirir. Məsələn, hazırda əməkhaqqının təxminən 25 faizi sosial sığorta fonduna yönəldilirsə, perspektivdə bu göstəricinin 30–40 faizə qədər artması istisna edilmir.

Digər tərəfdən, Azərbaycan iqtisadiyyatı əsasən əmək tutumlu modelə əsaslandığı üçün əmək qüvvəsinin azalması əmək bazarında təklifin daralmasına, nəticədə isə əməkhaqqı səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər. Bu isə öz növbəsində biznes mühitində mənfəət marjalarının azalması, rəqabət qabiliyyətinin zəifləməsi və xüsusilə bəzi sektorlarda effektivliyin aşağı düşməsi kimi nəticələr doğura bilər".

Həsənov son olaraq bildirib ki, eyni zamanda, süni intellekt və texnoloji innovasiyaların inkişafı əmək bazarında yaranan boşluqların qismən kompensasiyası baxımından mühüm rol oynaya bilər:

"Bununla belə, ekspert qiymətləndirmələrinə görə, bu tip təzyiqlərin real şəkildə hiss olunması üçün hələ təxminən 10–15 illik adaptasiya dövrü mövcuddur.
Bu reallıqlar fonunda dövlət tərəfindən məqsədyönlü demoqrafik və sosial siyasətlərin həyata keçirilməsi zərurəti artır. Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrdə ailə dəstəyi proqramları, doğuşa görə birdəfəlik müavinətlər və uşaqların sayına görə diferensial sosial ödəniş mexanizmləri demoqrafik sabitliyin qorunmasında effektiv alət kimi çıxış edir.

Xüsusilə “uşaq pulu” kimi tanınan sosial dəstək mexanizmlərinin gücləndirilməsi, eləcə də uşaqların sayına uyğun mərhələli müavinət sisteminin tətbiqi bu sahədə mühüm rol oynaya bilər. Eyni zamanda, formal olaraq pulsuz olan təhsil sisteminə baxmayaraq, real praktikada repetitor xidmətləri və əlavə təhsil xərclərinin yaratdığı maliyyə yükü ailələrin qərarlarına ciddi təsir göstərir. Bu baxımdan, sosial dəstək mexanizmləri yalnız maliyyə yükünü azaltmaqla kifayətlənməməli, həm də psixoloji təzyiqi azaldaraq ailə institutunun güclənməsinə xidmət etməlidir.

Nəticə etibarilə, bu tip siyasətlər həm demoqrafik təzyiqin yumşaldılmasına, sosial sabitliyin qorunmasına, eyni zamanda iqtisadi sistemin adaptasiya dövründə dövlətə və cəmiyyətə əlavə vaxt qazandırılmasına xidmət edə bilər".

Pərvin Şakirqızı

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər