Azərbaycan sığorta sektorunun inkişafı baxımından əksər ölkələrdən geri qalır.
Bunu Sosial tədqiqat Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Sığorta mübahisələrinin uğurlu həll yolları" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda sığorta bazarı ümumi daxili məhsulda (ÜDM) cəmi 0,7 % paya malik olub, bu isə 2021-ci ilə nisbətən 0,2 % azdır.
"Halbuki, ötən il Avropa ölkələrində bu nisbət orta hesabla 3,9 % təşkil edib. Başqa sözlə, Azərbaycan Avropa ölkələrindən 5 dəfədən çox geri qalır. Hətta Gürcüstan sığorta sektorunun inkişafına görə Azərbaycandan öndədir. 2022-ci ildə Gürcüstanda sığorta haqları ÜDM-in 1,3 %-i, Ermənistanda isə ÜDM-in 0,7 %-i qədər olub", - deyə Z.Oruc qeyd edib.
Bundan başqa, sədr deyib ki, sığortanın inkişafı xüsusilə kənd təsərrüfatının inkişafı üçün vacibdir.
"Sığortanın inkişafında mühüm məsələlərdən biri sığorta məhsullarının sayının artırılmasıdır. Bu baxımdan "Aqrar sığorta haqqında" qanunun qəbulu önəmlidir. Belə ki, məşğul əhalinin təxminən 40 %-i kənd təsərrüfatı sahəsində çalışır, həm fermerlər, həm də sığorta şirkətləri üçün maraqlı və cəlbedici sığorta modeli olmalıdır".
Onun sözlərinə görə, sığortalanma təşəbbüsü iqtisadiyyatın bir sahəsini deyil, bütün sahələrini əhatə etməli, bunun üçun proqramlar hazırlanmalıdır: "Xüsusilə, xidmət, turizm, idman va sair sahələrdə fəaliyyət göstərən subyektlərin sığortaya cəlb edilməsi bazarda dinamikanı artırar".