Son dövrlərdə maqnezium yuxusuzluq, təşviş və kəskin yorğunluq hallarına qarşı ən populyar vasitələrdən biri kimi tanınır. Bəs bu mineral cəmiyyətdə iddia edildiyi qədər sehrli təsirə malikdirmi?
Rusiyalı nevroloq Olqa Butenko "Gazeta.ru" nəşrinə açıqlamasında maqneziumun orqanizmə real təsir gücünü təhlil edib.
Mütəxəssis qeyd edib ki, sözügedən mineral insanın gündəlik tələbatı olan əhəmiyyətli bir mikroelementdir. O, əzələlərin və sinir sisteminin fəaliyyətini tənzimləyir, qan təzyiqi, şəkər səviyyəsi və ürək ritminin normal qalmasını dəstəkləyir, həmçinin sümüklərin sağlamlığında, DNT və zülal sintezində mühüm rol oynayır.
Bununla belə, O.Butenkonun sözlərinə görə, cəmiyyətdə maqneziuma çox vaxt hər dərdə dərman kimi yanaşılır. Reallıqda isə o, əsasən bədəndə real defisit (çatışmazlıq) yarandığı zaman müsbət nəticə verir. Belə hallarda mineralın əlavə qəbulu qıcolmalar, əzələ ağrıları, ümumi zəiflik və halsızlığı aradan qaldıra bilər. Nevroloq bildirib ki, əsas nüans orqanizmdəki real çatışmazlığı bərpa etməkdir, onu sadəcə kor-koranə, profilaktika xatirinə içmək düzgün deyil.
Həkimin sözlərinə görə, nevroloji praktikada bu elementin xüsusi və effektiv bir istifadə sahəsi mövcuddur ki, bu da miqren tutmalarının profilaktikasıdır. O, bəzi pasiyentlərdə baş ağrısı tutmalarının sayını azaltmağa qadirdir və məhz bu istiqamətdə olduqca müsbət reputasiya qazanıb.
Nevroloq əlavə edib ki, insan skeletinin də bu mikroelementə böyük tələbatı var. Maqneziumun yetərli miqdarda qəbul edilməsi sümük toxumasının daha möhkəm və sıx olmasına şərait yaradır. Lakin sümükləri təkbaşına maqneziumla bərpa etmək qeyri-mümkündür; bu proses yalnız düzgün maddələr mübadiləsi və sağlam rasionla kompleks şəkildə həyata keçirilməlidir.
Mütəxəssis müsahibəsinin sonunda mühüm bir məqamı diqqətə çatdırıb:
"Bildirmək istəyirəm ki, maqnezium sadəcə son zamanlar geniş reklam edilən bioloji aktiv qida əlavələrinin (BAD) və ya dərmanların tərkibində deyil. Bu elementi gündəlik rasionumuzda olan paxlalı bitkilər, yaşıl tərəvəzlər, qoz-fındıq, bütöv dənli bitkilər və müxtəlif toxumlardan da rahatlıqla almaq mümkündür. Maqnezium həqiqətən zəruri və xeyirlidir, lakin möcüzə yaratmır. O, yuxu pozuntusu, xroniki yorğunluq, stres və digər səhhət problemlərində təkbaşına, yeganə xilas yolu kimi tətbiq olunmamalıdır". /oxu.az/