Ermənistanın sabiq prezidenti, Xocalı cəlladı Serj Sərkisyan Müstəqillik Günü ilə bağlı yazılı müraciətində erməni toplumunu müharibəyə səsləyib. Sərkisyan iddia edib ki, guya Ermənistan “türk zülmü” təhdidi ilə üz-üzədir və ölkə “alçaldıcı şərtlərlə” sülhə məcbur edilir:
“Dünən də, bu gün də türk zülmü altında təslim olmağa, alçaldıcı şərtlərlə sülh dilənməyə, acınacaqlı bir mövcudluğa çağıranlar bütöv milli hüquq, mənafe və təhlükələri dərk etməyə, reallığın gözünə baxmağa və hərəkət etməyə cəsarət etməmişlər və etmirlər.
Tarix şahiddir: zəfər layiq olanlara verilir və bu gün, may qəhrəmanlıq döyüşlərindən bir əsrdən artıq vaxt keçdikdən sonra hər birimizin seçimi qələbəyə layiq olmaq və ya lənətə gəlməkdir.
Əminəm ki, dövlət və kilsə öz missiyasına sadiq qalacaq və bu taleyüklü günlərdə Sərdarapatın rəmzi zəngləri həqiqətin və ləyaqətin qələbəsinin əlaməti olaraq çalınacaq”.
Birinci Qarabağ müharibəsində silahsız isanlara, mülki vətəndaşlara qarşı zorakılığı ilə tanınan Sərkisyanın belə bir açıqlamanı məhz indi - Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi, sərhəd razılaşmalarının əldə edildiyi bir zamanda səsləndirməsi maraqlı mətləblərədn xəbər verir. Bu fakt, hər şeydən öncə sübut edir ki, iki dövlət arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən ilkin razılaşmalar, uzunmüddətli sülh üçün daha əlverişli zəminin formalaşması Ermənistandakı revanşist qüvvələri, eləcə də onların xaricdəki himayədarlarını bərk narahat edir. Regionda “vasitəçi” adı ilə qala bilməyən, Cənubi Qafqazdakı proseslərə siyasi-hərbi müdaxilə imkanlarını sürətlə itirən qlobal güclər, Sərkisyan və digər revanşist qüvvələrin vasitəsilə Ermənistanı yeni bir savaşa sürükləmək, bununla da öz maraqlarını təmin etməyə çalışırlar. Erməni müxalifətinin bu məsələdə böyük həvəslə alət rolunda çıxış etməsi Ermənistan daxilindəki siyasi situasiyanın nə qədər mürəkkəb və gərgin olduğunu göstərir.
Sərkisyanın xalqı müharibəyə səsləməsi, iki dövlət arasında sərhəd məsələləri ilə bağlı əldə edilən nəticələri ölkəsi üçün alçaldıcı elan etməsi, keçmiş prezidentin ilk növbədə öz xalqına düşmən olduğunu göstərir.
44 günlük Vətən müharibəsində ordusu Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilən, hərbi potensialının 80%-ni itirən, iqtisadi-maliyyə baxımından bir neçə 10 il geriyə düşən Ermənistanı yeni bir savaşa sürükləmək erməni toplumunu şüurlu şəkildə ölümün qollarına atmaqdır. Bu gün erməniləri öz gücünə, döyüş əzminə, hərbi potensialına və peşəkarlığına görə dünyanın ən qabaqcıl orduları sırasında yer tutan tutan Azərbaycan Ordusu ilə müharibəyə təhrik etmək, erməni xalqını kütləvi şəkildə intihara səsləməkdən başqa bir şey deyil.
Əslində, yeni bir müharibənin Ermənistan üçün intihardan başqa bir şey olmadığı Sərkisyana da yaxşı məlumdur. Sadəcə, Sərkisyan və digər revanşist qüvvələr milli və regional mənafeyləri deyil, yalnız şəxsi maraqlarını əldə rəhbər tutduqlarına görə onlar üçün axıdılan qanın kimə - Azərbaycan xalqına, yoxsa erməni toplumuna məxsus olmasının heç bir önəmi yoxdur. Sərkisyan və silahdaşları üçün yalnız bir müqəddəslik var: Pul və hakimiyyət! Və onlar bu “müqəddəslik” üçün hər cür qurbana hazırdırlar!
Seymur ƏLİYEV